Unikal.org bildirir ki, "İnter"in hücumçusu Rauf Əliyev "Qarabağ"la oyundan sonra apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.
- "İnter" üçün heç-heçəni qələbəyə bərabər hesab etmək olarmı?
- "Qarabağ" kimi rəqiblə onun meydanında heç-heçə oynamaq bizim üçün qələbəyə bərabərdir. Vacib olan odur ki, səfərdən xalla döndük. "Qarabağ"a ilk oyunda qalib gəlmişdik, bu dəfə heç-heçə etdik. Ümumi götürdükdə, yaxşı nəticədir.
- Bu qədər müdafiədən oynamağınızı baş məşqçiniz tapşırmışdı, yoxsa hava şəraiti buna məcbur etdi?
- Bizim oyun üslubumuz belədir. Meydana 5-li müdafiə ilə çıxırıq. Buna görə də oyunu arxada qurub, əks-hücumlara çıxırıq. "Qarabağ"a qarşı da belə oynayacağımız məlum məsələ idi. Əsas xal qazanmaq lazımdı ki, onu da bacardıq.
- Birinci hissədə zədələndiniz və həkim meydana daxil oldu. Bir anlıq düşündünüzmü ki, yenə 3-4 ay meydandan kənarda qalacaqsınız?
- Həmin epizod zamanı çox qorxdum. Oyunun 10-15 dəqiqəsi getmişdi. Qalan dəqiqələri ağrılarla keçirdim. Hərəkət eləyən kimi ağrını hiss edirdim.
- Amma kənardan hiss edilmirdi...
- Qaçırdım, amma ağrım olurdu. Tam gücümlə qaça bilmirdim...
- Hava şəraiti hansı komandaya kömək etdi?
- Meydança oynamağa imkan verirdi. Top hərəkət edirdi, qar yox idi. Şərait hər iki komanda üçün eyni idi.
- İkinci hissədə oyundankənar vəziyyətdə olduğunuz epizod zamanı etiraz olaraq topu kənara vurdunuz. Həmin anda ikinci sarı-qırmızı vərəqə alacağınızdan narahat olmadınız?
- Oyun zamanı bəzən elə olur ki, özündə olmursan. Topu vurduqdan sonra ydaıma düşdü ki, sarı vərəqəm var, qırmızı ala bilərəm.
- Növbəti oyunda "Kəpəz"lə qarşılaşacaqsız. Kubokda yarımfinalın bir addımlığındasınız demək olarmı?
- İli müsbət başa vurmaq üçün mütləq qələbə qazanmalıyıq. "Kəpəz" mərhələsini keçməliyik. Gəncə stadionunda oynamaq çox çətindir. Hava şəraiti belə olsa, həmin arenada futboldan çox, güləş izləyəcəksiniz.
- Amma iki top fərqi ilə qələbə böyük üstünlükdür...
- Futbolçu meydana rahat çıxmamalıdır. Belə olsa, problem yaranar. Gəncə stadionu, yerli azarkeş amili həlledici ola bilər. Başlanğıcda qol buraxsaq, çətin olacaq. Birinci oyuna necə hazırlaşmışdıqsa, yenə eyni ciddiyətlə meydana çıxacağıq.