9 yaşlı Səmra Sumqayıt şəhərində yaşayır. Onu həmyaşıdlarından fərqləndirən bir özəlliyi var. Səmra güclü şahmat oynayır və bir sıra beynəlxalq turnirlərdə ölkəmizi təmsil edir. Onun iştirak etdiyi son yarış isə Rusiyada keçirilən məktəblilərin dünya çempionatıdır.
Unikal.org xəbər verir ki, bu uğura görə Səmraya Rusiya Federasiyasının prezidenti Vladimir Putin adından qələm də hədiyyə olunub. 4 ildir şahmatla məşğul olan təmsilçimizdə bu idman növünə marağı atası oyadıb. O, 3 qat Azərbaycan çempionu, "Moskva Open 2016 beynəlxalq turnirinin bürünc mükafatçısı və bir sıra beynəlxalq yarışların iştirakçısıdır. Səmra ölkəmizin bayrağını dalğalandıranda qürur hissi keçirir və bu yolda əlindən gələni əsirgəməyəcəyini deyir.
Dünya şahmat ulduzlarını yaxından izləyən idmançı Hou İfandan şahmat tacını almağa iddiya edir. Səmra kimi perspektivi olan şahmatçılarımıza dəstək olmaq isə hər birimizin borcudur. Məktəbli zəka sahibinə bu yolda yeni qələbələr arzulayırıq.