Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mərhum xalq artisti İlhamə Quliyevanın köməkçisi Mehriban Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Unikal.org apa-ya istinadən məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə M. Hüseynovanın vəkili Vasif Mirzəyev çıxış edərək, hüquqlarını müdafiə etdiyi şəxsə bəraət istəyib. O qeyd edib ki, cinayət işində olan materiallar sübut kimi qiymətləndirilə bilməz: "İlhamə Quliyevanın əmlakını ələ keçirmək üçün Vüqar Bəkirov və Orxan belə bir ssenari qurublar. Mehriban Hüseynovanın əleyhinə ifadə verən Vüqar Bəkirov hazırda dələduzluq ittihamı ilə həbsdədir. Bu, bir daha Mehriban Hüseynovanın günahsız olduğunu sübut edir. Əgər Mehriban Hüseynovanın əməlində soyğunçuluq niyyəti olsaydı, onda olan etibarnamədən əvvəlcədən istifadə edərdi. Açıq talama yolu ilə daşınmaz əmlakı ələ keçirmək mümkün deyil. Mən hesab edirəm ki, Mehriban Hüseynovanın əməlində heç bir cinayət tərkibi yoxdur və onun barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edirəm".
Vəkil qeyd edib ki, İlhamə Quliyeva tərəfindən Mehriban Hüseynovaya qarşı zor tətbiq edilib.
Proses dekabrın 30-da davam etdiriləcək.

Xatırladaq ki, ötən prosesdə çıxış edən prokuror Mehriban Hüseynovaya 8 illik həbs cəzası istəyib.
Qeyd edək ki, M. Hüseynova Cinayət Məcəlləsinin 29.180.3.2-ci (külli miqdarda soyğunçuluq etməyə cəhd) maddəsinə əsasən ittiham olunur. O, İ. Quliyevanın şikayəti əsasında saxlanılıb.
İ. Quliyeva bu il fevralın 25-də dünyasını dəyişib.