Bakıda qətl törədilib.

Unikal.org xəbər verir ki, Xəzər Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Buzovna qəsəbəsi Heydər Eyvazov küçəsində yerləşən Vərəm Dispanserində baş verib.

Dispanserdə tibb bacısı işləyən, 1971-ci il təvəllüdlü Fərqanə Bağır qızı Mürsəlova qızının əri, 1992-ci il təvəllüdlü Elçin Arzuman oğlu Hüseynov tərəfindən bıçaqlanaraq öldürülüb.

İlkin məlumata görə, hadisəni törədən Elçin Hüseynovla həyat yoldaşı arasında mübahisə yaranıb, həyat yoldaşı evi tərk edərək anasıgilə gedib.

E. Hüseynov dispanserə gələrək, F. Mürsəlovadan qızını geri göndərməsini tələb edib.

F. Mürsəlova isə E. Hüseynovun tələbinə rədd cavabı verib. Tərəflər arasında yaranan mübahisə qadının qətli ilə nəticələnib.

E. Hüseynov saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, istintaq gedir.

***

Dünən Bakıda xəstəxanalardan birində baş vermiş qətl hadisəsinin təfərrüatı məlum olub. Lent.az-ın məlumatına görə, Buzovna qəsəbəsi Heydər Eyvazov küçəsindəki Vərəm Dispanserinə gələn 24 yaşlı Elçin Hüseynov burada işləyən qaynanası, 45 yaşlı Fərqanə Mürsəlovanı amansızlıqla öldürüb. O, xəstəxananın dəhlizində qaynanasına 10-a yaxın bıçaq zərbəsi endirərək onu qətlə yetirib.

Araşdırmalar zamanı məlum olub ki, E.Hüseynovun ailəsində həyat yoldaşı ilə ciddi problemləri olub. Qadın işsiz olan, arabir fəhləlik edən E.Hüseynovdan boşanmaqla bağlı Xəzər Rayon Məhkəməsinə müraciət edibmiş və onlar boşanma ərəfəsində imişlər. Lakin 24 yaşlı Elçin ailəsinin dağılmamasını istəyib və baş verənlərdə qaynanasını günahlandırıb. O, dünən də xəstəxanada qaynanasını onun ailə işlərinə müdaxilə etməkdə, evini dağıtmaqda günahlandırıb və məlum cinayəti törədib.

Qeyd edək ki, ailənin körpə uşağı var.