Ailə qanunlarına zidd hərəkətlər baş verdikdə, qatilə müəyyən mənada haqq qazandıranlar olur. Yəni, qadın həyat yoldaşına xəyanət edir və qarşı tərəf də namusunun ləkələnməsini qəbul edə bilməyib qatilə çevrilir. Çox zamansa hadisələrin gedişatı bunun əksini göstərir. Məlum olur ki, baş vermiş qətlə əslində xəyanət yox, şübhə və qısqanclıq səbəb olur.
Unikal.org virtualaz.org-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə ittiham olunan 53 yaşlı Nazim Ağayevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Sözügedən cinayət işi üzrə məhkəmə prosesinə hakim Mirzə Xankişiyev sədrlik edib.
Qətl və intihar planı
İttihama görə, Binəqədi rayon sakini Nazim Ağayev həyat yoldaşı 45 yaşlı Mehriban Ağayevanın ona xəyanət etməsindən şübhələnib. Bununla bağlı ər-arvad arasında dəfələrlə gərginlik yaranıb, mübahisə düşüb. Arvadını öldürdükdən sonra intihar etməyi qərara alan ailə başçısı bunu Ramazan bayramı günü reallaşdırıb. Hətta bir neçə gün öncə "Bizi bir qəbrə qoyun, xahiş edirəm. Mən onu sevirəm. Heç olmasa, bu xahişi yerinə yetirin. Oğul, yaxşı oğul, məni bağışla. Məcburam, mənim namusum məsələsidir. Aslan içəridən ailəmizi dağıtdı" məzmunlu məktub da yazıb. Həmçinin özünə məxsus pul vəsaitlərinin miqdarı və yeri barədə vərəqdə qeydlər aparıb.
"Oğlanlarımı DNK analizinə aparacağam"
Nəhayət, 17 iyul 2015-ci ildə övladları Hikmətlə Aslanın evdə olmamasından istifadə edən ailə başçısı arvadı ilə növbəti dəfə mübahisə edib. Yaranmış mübahisə qansız ötüşməyib. Öz niyyətini həyata keçirməyi çoxdan planlaşdıran ər qadına bir neçə zərbə endirib. Münaqişə zamanı qadın da bıçağa əl atıb, o da ərini bıçaqlayıb. Aldığı xəsarətlər nəticəsində M.Ağayeva ölüb, N.Ağayev isə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Təqsirləndirilən şəxs qismində dindirilən Nazim Ağayev ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib. O, ifadəsində hadisədən bir gün əvvəl evdə 20-22 yaşlı oğlanlarına baxaraq: "Hikmət, sən mənə oxşamırsan, səni DNK analizinə aparacağam", - deyib. Ertəsi gün ailə üzvlərinə bayramla əlaqədar Quba rayonuna getməyi, bir neçə gün orada qalmağı təklif edib. Mehribanla Nazim bir maşında, oğlanları Aslanla Hikmət isə digər maşına əyləşib yola düşərkən qəfil yağış yağmağa başlayıb. Aslan rayonda dolu düşəcəyini deyib Qubaya getməkdən imtina edib. Ağayevlər ailəsi Qubaya deyil, Novxanıya yollanıblar. Günorta saatlarında Aslanla Hikmət şəhərə qayıdıblar.
N.Ağayevin ifadəsinə görə, uşaqlar getdikdən sonra Mehriban ondan doğrudanmı Hikməti analizə aparmaq istədiyini soruşub. O isə cavabında nəinki Hikməti, hətta Aslanı da aparacağını bildirib. Arvadına: "Şəkər xəstəsiyəm, övladlarıma artıqlaması ilə qayğı göstərirəm, amma onların heç birində mənə qarşı ata məhəbbəti yoxdur", - deyib.
"Mənə "bıçağı ürəyinə soxacağam" dedi"
N.Ağayevin ifadəsinə görə, Novxanıdan qayıtdıqdan sonra gecə divanda uzanarkən qəflətən qarın nahiyəsində ağrı hiss edib: "Mehribanın əlində bıçaq vardı. Əvvəlcə qorxub müqavimət göstərmədim. Sonra qaçıb mətbəxə keçdim, əlimə bıçaq götürüb dəhlizdə dayandım. Mehribana dedim ki, dəlisən, məni niyə bıçaqla vurursan? O isə: "Bıçağı ürəyinə soxacağam", - dedi. Ona həbs olunacağını dedikdə isə, uşaqların bu barədə heç kimə deməyəcəklərini söylədi. Bıçaq əlimdə qapıya tərəf getmək istədikdə qarşımı kəsdi, geriyə, mətbəxə qayıtdıqda ayağım ilişdi, başım tumbaya dəydi. Mehriban "qoymaram uşaqları analizə aparasan, ölməmişdən əvvəl bil, nə Aslan, nə də Hikmət sənin oğlun deyil" deyib bıçaqla sinə nahiyəmə zərbə endirdi. Bıçaq sinəmdə qaldı. Özümü qorumaq üçün mən də onu vurdum. Mehriban yıxıldı, bıçağı tulladı. Sonradan özüm də yıxıldım, ayılanda gördüm ki, xəstəxanadayam".
"Mehribanla barışmaq istəyirdim"
N.Ağayevin ifadəsinə görə, xəstəxanada olarkən ona Mehribanın digər palatada yatdığını deyiblər. Arvadının ölüm xəbərini hüzr mərasimini yola vermək üçün uşaqları ondan pul istədiyi zaman bilib: "Aslan İngiltərədən gəlməmişdən öncə münasibətlərimiz normal idi. O gələndən sonra bir çox hərəkətlərinə görə aramızda münasibət pozulmuşdu, Mehriban həmişə Aslanı müdafiə edirdi. Son günlər evdəki söz-söhbətdən bezmişdim, Mehribanla barışmaq istəyirdim".
"Bir qəbirdə basdırılmağımızı əhd etmişdim"
N.Ağayev ifadəsində hadisədən əvvəl yazdığı 9 vərəqdən ibarət məktuba aydınlıq gətirib. Həmin məktubu Mehriban anası evində olduğu vaxtlar əsəbi, gərgin halda yazdığını vurğulayıb: "Ailədə Mehribanla aylarla küsülülüyə, dava-dalaşa səbəb Aslan idi. Hətta psixi pozuntularımın olması ilə bağlı Aslan tərəfindən həkim çağırılmışdı. Poliklinikada yoxlanıldıqda sağlam olduğumu dedilər. Ümumiyyətlə, Aslan məni bir ata kimi qəbul etmir, anası ilə ayrıca kirayə ev tutub yaşayırdı. Digər tərəfdən, izlənildiyimi fikirləşirdim. Birimiz gec, birimiz tez öləcəyimiz təqdirdə bizi bir qəbrdə basdırmalarını əhd etmişdim, bunu övladlarıma vəsiyyət etmişdim".
İlkin dindirmə zamanı şahid qismində dindirilən N.Ağayev qara maskalı bir nəfərin onu və arvadını bıçaqla vurduğunu göstərib.
"Heç bir səbəb olmadan qızımı xəyanətdə günahlandırırdı"
Zərərçəkmiş şəxs qismində dindirilən Solmaz Əliyeva ifadəsində qızı Mehribanın Nazimlə 1991-ci ildə ailə qurduğunu, birgə nikahdan iki övladları olduğunu, evliliyin ilk günündən etibarən Nazimin mütəmadi olaraq ailədə söz-söhbət, dava-dalaş saldığını, nəticədə, qızının dəfələrlə ata evinə gəldiyini göstərib: "Ərinin hərəkətlərinə dözməyib tez-tez küsüb gəlirdi. Nazim hər dəfə yalvararaq onu evə aparırdı. Bir müddətdən sonra yenə də eyni şeylər təkrarlanırdı. 2015-ci ilin aprel ayından münasibətləri daha da kəskinləşmişdi. Heç bir səbəb olmadan qızımı ona xəyanət etməkdə günahlandırırdı. Axırıncı dəfə Mehribanı döydüyünə görə qızım polisə şikayət etmişdi. Artıq söz-söhbətdən, ərinin hərəkətlərindən boğaza yığılmışdı. Bu səbəbdən də boşanmaq qərarına gəlmişdi".
Mərhumun anası qızının ərindən çox qorxduğunu, onun həyat yoldaşına xəsarət yetirməsinin qeyri-mümkün olduğunu və övladının amansızlıqla öldürdüyünə görə Nazimə ağır cəza verilməsini istəyib.
"Ailə dağılmasın deyə onları barışdırırdılar"
Şahid qismində dindirilən Aslan Ağayev ifadəsində valideynləri arasında mütəmadi olaraq mübahisələr yarandığını, atasının həm onu, həm də mərhum anasını evdən qovduğunu göstərib: "Universitetə qəbul olunduqdan sonra atamla münasibətlərimiz soyumuşdu. Buna səbəb isə anamı müdafiə etməyim idi. Qardaşım polis akademiyasında oxuyurdu, həftədə bir dəfə evə gəlirdi, ailədəki söz-söhbətlərdən o qədər də məlumatlı deyildi. Atam evdə aqressiv hərəkətlər edir, üstümüzə bıçaq atır, bizi evdən qovurdu. Ona görə dəanamla məcbur olub bir ildə üç-dörd dəfə nənəmgildə qalırdıq. Sonradan ailə dağılmasın deyə onları barışdırır, anamı məcburən evə qaytarırdılar".
"Atam məsuliyyətə cəlb olunmasın deyə şikayət etməyə qoymadıq"
A.Ağayevin sözlərinə görə, 2013-cü ildə təhsilini davam etdirmək üçün Böyük Britaniyaya gedib. Bir il sonra Azərbaycana qayıdıb. Həmin ərəfədə atası ev, maşın almasına baxmayaraq ona qarşı soyuq münasibət bəsləyib. Heç bir əsas olmadan valideynləri arasında söz-söhbətlər yaranıb. Bunun qarşısını almağa cəhd göstərdikdə isə atası ona qəzəblənib və evdən qovub. O zamandan da ayrıca yaşamaq məcburiyyətində qalıb. Son bir neçə ayda atası həm onu, həm də anasını ölümlə hədələyib: "Anamı əsasız olaraq qısqanırdı, telefon zənglərinə özü cavab verirdi. Fiziki təzyiqlərə, hədə-qorxulara məruz qaldığından anam dəfələrlə evdən qaçmışdı. Bir dəfə qonşular zəng vurub atamın polisə aparıldığını dedilər. Polis bölməsinə gedəndə gördüm ki, anamın başı əzilib, boğazında boğulma izləri, qollarında çoxsaylı əziklər var. Atam məsuliyyətə cəlb olunmasın deyə anamı şikayət etməyə qoymadıq. Nənəmin evində yaşadığımız vaxtlarda atam barışmaq üçün gəlsə də, onu evə buraxmadıq".
Qan gölünə dönən mənzil: ana ölü, ata yaralı
Atasının psixoloji durumundan şübhələnən A.Ağayev onu həkim-psixiatr müayinəsindən keçirib. Amma həkimlər onda ciddi psixoloji problem olmadığını deyiblər. N.Ağayev son vaxtlar bir neçə dəfə "arvad mənimdir, öldürüb 15 il yataram" deməklə onları daim qorxu içərisində saxlayıb. Hadisədən bir gün öncə N.Ağayev yenidən qohumları vasitəsilə arvadını evə qaytarmağa müvəffəq olub. Amma yenə də şübhələrdən, qısqanclığından əl çəkməyib. Atası ilə söhbət edən A.Ağayev onu sakitləşdirməyə çalışıb, şübhələrinin əsassız olduğunu bildirib, hətta şübhələnməməkdən ötrü xüsusi adam vasitəsilə anasını güddürməyi təklif edib. Bütün bunlara baxmayaraq eyni mübahisələr yenə də davam edib.
Hadisə baş verən gecə qardaşı ona zəng vurub evə nə vaxt gələcəyini xəbər alıb. A.Ağayev evdə vəziyyətin nə cür olduğunu soruşub: "Gecə qapını açıb evə girəndə anamla atamın yerdə uzandıqlarını gördüm. Anam ölmüşdü, Nazimsə yaralı idi. Şok vəziyyətində qonşuya getdim, təcili yardıma məlumat verdim, qardaşıma zəng vurub evə çağırdım. Nazimdən anamı niyə öldürdüyünü soruşdum, zarıyıb cavab vermədi. Onun bədənində olan xəsarətlərin özü tərəfindən yetirildiyini güman edirəm".
Məhkəmənin hökmü ilə Nazim Ağayev 11 il müddətinə azadlıqdan məhrum edilib.