Bu gün Bakı-2017 İslam Həmrəyliyi Oyunları "Xəzərdən başlayan səyahət marşrutunu elan edib.
Unikal.org-un məlumatına görə, bu layihə ilk dəfə 5 aprel tarixində Daş Salnaməsi Muzeyində keçiriləcək və ondan sonra Azərbaycanın 15 bölgəsinə səfər edəcək.
İslam aləmində həyat mənbəyi, şəffaflıq və təmizlik simvolu olan Su, "Xəzərdən başlayan səyahət turunun əsas mövzusudur. Layihə çərçivəsində Azərbaycanın su bölgələrini təmsil edən 16 uşağın hər biri,Bakı-2017 Su Səhəngi ilə Xəzər dənizindən su götürəcək və öz döğma şəhər və evlərinə aparacaqlar. Bununla, Bakı-2017 IV İslam Həmrəyliyi oyunları Xəzər gözəlliyindən və sevgisindən hər evə bir pay verəcək.
37 gün ərzində 3000 km-dən artıq bir məsafənin qət olunacağı səyahət turu, Xəzər dənizindən başlayaraq, Azərbaycan ərazisində mövcud olan 15 su yerində keçiriləcək. Səyahət zamanı bu yerlərdən toplanan su 12 may tarixində baş tutacaq açılış mərasiminin bir hissəsi olacaq.
Bu münasibətlə keçiriləcək hər bir su mərasimi axşam su festivalı ilə müşayiət olunacaq. Xəzər dənizinin suyu ilə doldurulmuş Bakı-2017 səhənglərinin nümayişi zamanı tədbirə pulsuz şəkildə təşrif buyuracaq hər bir vətəndaş Azərbaycan musiqisindən, rəqslərindən zövq alıb, eyni zamanda su effektlərinin yaratdığı gözəlliyi izləmək imkanı qazanacaq.
Başlanğıcını Xəzər dənizindən götürərək bütün Azərbaycanı əhatə edəcək marşurutun önəmindən bəhs edən Təşkilat Komitəsi ölkəmizin tarixini, mədəniyyətini, adət və ənənələrini nümayiş etdirmək üçün bu layihənin əvəzsiz rol oynadığını bildirir.
Qeyd edək ki, Azərbaycan dəmirdöymə sənətinin incisi Bakı-2017 Su səhəngləri 3 ölçüdə hamar və döymə misdən hazırlanıb və ənənəvi İslam dünyası səhənglərinin dizaynını özündə təcəssüm etdirir.