Almaniya millisi İngiltərə ilə yoldaşlıq görüşü və Azərbaycanla 2018-ci il dünya çempionatının seçmə qrup matçları ərəfəsində ciddi itki ilə üzləşib.
Unikal.org Almaniya Futbol İttifaqının rəsmi saytına istinadən xəbər verir ki, "Bavariya"nın qapıçısı Manuel Noyer zədə üzündən qarşıdakı oyunları buraxmalı olacaq.
Yığmanın kapitanı olan 30 yaşlı qolkiper hazırda klubunun düşərgəsində müalicə olunur. Baş məşqçi Yoahim Löv komandaya Fransa PSJ-sindən Kevin Trappı çağırıb. 26 yaşlı qolkiper bu gündən yığmaya qoşulacaq. Trapp əvvəllər 1 dəfə Bundestimin heyətinə cəlb olunsa da, meydana çıxmayıb. Löv qarşıdakı oyunlara Mark-Andre ter Ştegen ("Barselona, İspaniya) və Bernd Lenonu ("Bayer") da çağırıb.
Almaniya İngiltərə ilə martın 22-də Dortmundda, Azərbaycanla isə martın 26-da Bakıda üz-üzə gələcək.