Almaniya millisinin hücumçusu Tomas Müller Azərbaycan səfərindən sonra əfsanəvi Frans Bekkenbauerə bir qədər yaxınlaşıb.

Unikal.org apasport.az-a istinadən xəbər verir ki, söhbət oyun və ya qol sayından yox, səfər zamanı qət edilən məsafədən gedir.

Belə ki, almanlar futbolçuların karyeraları ərzində nə qədər yol getdiklərini araşdırıblar. Məlum olub ki, Müller Azərbaycanla qarşılaşma üçün ölkəmizə gəldikdən sonra qət elədiyi ümumi məsafə 333 min 948 km-ə çatıb. O, bu yolun 130 min 249 km-ni Bundesliqa, 33 min 749 km-ni ölkə kuboku, 122 min 353 km-ni "Bavariya" ilə avrokuboklar zamanı, 47 min 597 km-ni isə Almaniya millisinin heyətində olarkən gedib. Mülleri bu baxımdan almaniyalılardan yalnız Frans Bekkenbauer (451 min 504 km) qabaqlayır.
"Bavariya"nın digər hücumçusu Robert Levandovski isə maraqlı statistik göstərici ilə diqqət çəkib. Belə ki, polşalı orta hesabla hər 10 min km-lik səfərdə 13,13 qol vurur. Levandovski bununla Zlatan İbrahimoviç (7,19), Kriştianu Ronaldo (6,61 qol) və Lionel Messi (6,57) kimi superulduzları belə, geridə qoyur. Levandovski yalnız əfsanəvi braziliyalı Peledən geri qalır. Pele karyerası ərzində orta hesabla hər 10 min km-lik səfərdə 15,92 qola imza atıb.

Araşdırmaya görə, futbol tarixində ən çox səfərdə olan futbolçular Roberto Karlos, Dieqo Armando Maradona, Zinəddin Zidan, Devid Bekhem və Peledi. Onlar karyeraları ərzində 1 milyon km-dən çox məsafə qət ediblər. İlk "onluq"da adıçəkilənlərlə yanaşı, Pavel Nedved, Raul Qonzales, Kriştianu Ronaldo, Xavi Ernandes və İker Kasilyas qərarlaşır.