Hər insan həyatı ilə bağlı xəyallar qurur. Müəyyən yaş dövrlərində
xəyallar və arzular bir-birini əvəz edir. Onun doğulandan bəri bir
xəyalı olub, o da normal ailədə, ata və anasının əhatəsində böyümək.
Xəyal özü böyüyüb, amma xəyalları uşaq olaraq qalıb.
Qəhrəmanımızla dağınıq, bir az da tənhalığı xatırladan soyuq yataqxana
otağında görüşdük. 33 ilik yalqız, pərakəndə həyatını xatırladan
yataqxana otağı...
Unikal.org APA TV-yə istinadən bildirir ki, Xəyal Tağıyevin həyatı çoxlarının həyatından daha fərqli və hadisələrlə
doludur. O, danışdıqca, həyatının epizodları sanki bir filmə tamaşa
edirmiş kimi canlanır insanın gözləri önündə. İstər-istəməz düşünürsən
ki, 33 illik bir ömrə necə sığıb bu qədər hadisə? Bir bəndə üçün çox
deyilmi bunlar - sual edirsən özlüyündə, səssizcə...