Aprelin 29-da Azərbaycanın şimal qapısı sayılan Qusar "Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinin növbəti ünvanı olub.
Unikal.org xəbər verir ki, Qusar rayonunda su səyahətinə Ləzə yaxınlığındakı şəlalədən suyun götürülməsi ilə start verilib.
Ləzə kəndi əsrarəngiz təbiət mənzərələri ilə zəngindir. Qafqaz sıra dağlarının şimal-şərqində dəniz səviyyəsindən 4 min 242 metr hündürlükdə Şahdağ yüksəkliyinin ətəyində yerləşən kənd Azərbaycanın şəlalələr diyarı da adlandırılır. Ləzə kəndində 10-dan çox dağ şəlaləsi var. Bu da yerli və əcnəbi turistləri buraya cəlb edən əsas amillərdəndir. Kəndin yerləşdiyi yayla dəniz səviyyəsindən 1300 metr yüksəklikdədir. Həm yay, həm də qış fəslində kənddə turistlərə rast gəlmək mümkündür. Qış fəslində kəndin dörd bir yanındakı şəlalələrin əksəriyyəti donaraq əsrarəngiz təbiət mənzərəsi yaradır. Donmuş şəlalələrdə buzadırmanma üzrə beynəlxalq və yerli əhəmiyyətli yarışlar keçirilir.
Respublikanın Əməkdar Məşqçisi Carulla Şinqarov, buzadırmanma idmanı üzrə dəfələrlə Azərbaycan çempionu adını qazanmış alpinist Renat Rəhimxanov, şahmat həvəskarı Mətin Bədəlov "Bakı-2017nin misdən hazırlanmış səhəngini şəlalədən axan su ilə dolduraraq Qusar şəhərindəki Heydər Əliyev parkında keçiriləcək su festivalına yola düşüblər. Bu su qabı mayın 12-də "Bakı-2017nin açılış mərasimində nümayiş etdiriləcək.
Sonra Qusar Olimpiya İdman Kompleksində "Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarına daxil edilmiş "Domestic Grassroots proqramı çərçivəsində regional idman tədbiri keçirilib. Məktəblilər arasında təşkil olunan müxtəlif idman müsabiqələrində 5 məktəbdən 50-si qız, 50-si oğlan olmaqla, 100 şagird iştirak edib.
Tədbirdə Qusar Rayon İcra Hakimiyyəti başçısının müavini Zoya Eldarova, layihə rəhbəri Ülviyyə Əkbərova, "Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının ulduz səfirləri və "Bu şəhərdənin tanınmış simaları Rəfael İsgəndərov, Coşqun Rəhimov və Müşfiq Abbasov çıxış edərək, gələn ay Bakıda keçiriləcək mötəbər yarışların əhəmiyyətindən danışıb, məktəblilərə uğurlar arzulayıblar.
Daha sonra müsabiqəyə start verilib. Məktəblilər idmanın müxtəlif növləri üzrə qüvvələrini sınayıblar. Musiqili-əyləncəli idman tədbiri iştirakçılara xoş anlar yaşadıb. Qaliblərə Əməliyyat Komitəsi tərəfindən hazırlanmış kubok, sertifikat, məlumat kitabçaları, qalib komandaya isə "Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasiminə biletlər təqdim olunub.
Buzadırmanma idmanı üzrə beynəlxalq yarışların iştirakçısı, dəfələrlə Azərbaycan çempionu adını qazanmış alpinist Renat Rəhimxanov Xəzərdən başlayan su səyahətinin iştirakçısı olmaqdan qürur hissi keçirdiyini söyləyib. "İştirak etdiyim tədbirlərdə mənə dəstək olan bütün azarkeşlərə dərin minnətdarlığımı bildirirəm. İdmançının uğuru onun fasiləsiz məşq etməsi ilə yanaşı, alqışları ilə ona dəstək verən azarkeşlərdən də asılıdır, ona görə də izləyicilərimizi "Bakı-2017 Oyunlarında millimizə dəstək verməyə çağırıram. Azərbaycan artıq dünyada yüksək səviyyəli idman yarışlarının keçirildiyi ölkə kimi tanınır. İdman aləmi hələ də Bakıda təşkil olunan I Avropa Oyunlarını başqalarına nümunə kimi göstərir. Mən I Avropa Oyunlarının məşəlini "Alov qüllələrindən aşağı endirilməsində də iştirak etmişdim. Belə mötəbər yarışlarda təmsil olunduğum üçün xoşbəxtəm, - deyə Renat Rəhimxanov təəssüratlarını bölüşüb.
"Xəzərdən başlayan su səyahəti proqramı çərçivəsində bu gün axşam saatlarında Qusar şəhərindəki General Mahmud Əbilov adına parkda su festivalı keçiriləcək, konsert proqramı və atəşfəşanlıq olacaq.