FİFA Almaniya yığmasının rəsmi şəxslərinə qarşı intizam işi açıb.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, FİFA İsveçlə oyunda baş verən insidenti araşdıracaq. İnsident qarşılaşmanın son dəqiqələrində, Almaniya yığması qələbə qolunu vurduqdan sonra baş vermişdi.
Almaniya yığmasının mətbuat katibi Ulrix Foyqt və menecer Georq Belau qələbə qolu vurulduqdan sonra İsveçin ehtiyat oyunçular skamyasında oturan şəxslərə qeyri-etik jest göstərmişdilər.
Qarşılaşmadan sonra Almaniya Futbol İttifaqı rəsmilərin tərbiyəsizliyinə görə üzr istəmişdi. Ancaq FİFA da məsələni araşdıraraq, intizam tədbiri görmək niyyətindədi.
İyunun 24-də Soçidə keçirilən oyunda Almaniya 2:1 hesabı ilə qalib gəlib.