Ermənistanın "Şirak" futbol komandasının baş məşqçisi Ararat Arutyunyan məsuliyyətə cəlb olunub.

Unikal.org xəbər verir ki, Ermənistan Təhqiqat Komitəsi 43 yaşlı mütəxəssisi danışılmış oyunların təşkilində şübhəli bilir. Arutyunyan "Banants"ın qanalı müdafiəçisi Edvard Kpodonu pulla almaq istəyib. O, supermarketlərdən birinin qarşısındakı avtomobildə Kpodoya "Şirak"la görüşdə qolla nəticələnəcək səhvlərə yol verməsi üçün 5 min dollar təklif edib. Baş məşqçi min dolları yerində ödəyib, qalanını isə "iş"in yekununda verəcəyini vəd edib.

Afrikalı futbolçu pulu götürsə də, bu barədə "Banants" rəhbərliyini məlumatlandırıb. Kpodo əvvəllər "Şirak"da oynayıb. 28 yaşlı müdafiəçi sabiq klubunun ona 1500 dollar ödənilməmiş bonus borcunun qaldığını söyləyib. Bu səbəbdən, qanalı müdafiəçi təklif olunan pulu götürdüyünü bildirib. Ararat Arutyunyandan ölkəni tərk etməməsi üçün iltizam götürülüb.

Qeyd edək ki, "Şirak" çempionatın sonunadək birinci yerdə getsə də, danışılmış oyun ittihamından sonra 12 xaldan məhrum olub. Gümrü təmsilçisi 6 komanda arasında 4-cü pilləyə enib. Klubun sahibi etiraz əlaməti olaraq, çempionatı tərk edəcəklərini açıqlayıb.