Ağır Atletika Federasiyası növbəti dəfə doppinqə görə cəzalanıb. Azərbaycan ağırlıqqaldıranı Hüseyn İsmayılovun qanında qadağan olunmuş preparat aşkarlanıb.
Unikal.org xəbər verir ki, bu barədə Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) rəsmi saytında məlumat verilib.
Dopinq-testi müsbət nəticə verən, orqanizmindən istifadəsi qadağan olunmuş testosteron izləri aşkarlanan İsmayılov bütün yarışlardan müvəqqəti kənarlaşdırılıb.
İsmayılovun antidopinq qaydalarının pozuntusuna yol verib-vermədiyi sübuta yetirildikdən sonra müvafiq qərar açıqlanacaq.
Qeyd edək ki, Hüseyn İsmayılov (94 kq) 2017-ci ildə Albaniyanın Dürres şəhərində 20 və 23 yaşa qədər gənclər arasında Avropa çempionatında bürünc medal qazanıb.
Xatırladaq ki, bir müddət əvvəl İsa Rüstəmov da dopinqə görə beynəlxalq qurum tərəfindən cəzalandırılıb. O sonuncu Avropa çempionatından sonra dopinqdə ilişib. Gənc atletin qanında dopinq tapılması nədənsə AAAF tərəfindən gizli saxlanılmağa çalışırdı.