İPnet (Skymax adı ilə də tanınır - red.) internet provayderinin müştərilərini aldatması ilə bağlı xəbər vermişdik. Tam bir dələduzluq şəbəkəsi quran şirkət internet telefonun çəkilməsi və nömrəyə görə ("404" - internet telefonu) 65 manat, internetin verilməsini təmin edən qurğu üçün 40 manat və qoşulma haqqı olaraq 10 manat - ümumilikdə 115 manat və bir aylıq xidmət haqqını əvvəlcədən alır. Lakin internet və telefon işləmədiyi halda şirkətlə əlaqə saxlamaq, xidmətin ləğvini istəmək və dəyən ziyanı geri tələb etmək mümkün deyil.
Unikal.org bildirir ki, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov axar.az-a açıqlamasında deyib ki, vətəndaşlar bu tip hallarda İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə, o cümlədən, məhkəmələrə müraciət edə bilərlər:
"İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanun internet provayderləri ilə istehlakçı arasındakı münasibətləri tənzimləyir və istehlakçıların hüquqlarını qoruyur. Çox təəssüflər olsun ki, biznes qurumları üçün yaradılmış rahat, toxunulmazlıq şəraitindən bəzi biznes qurumları süni şəkildə istifadə edirlər. Bağlanan müqavilə şərtlərini yerinə yetirmirlər. Provayderlərlə bağlı şikayətlər bizə daim gəlir. Belə hallarda istehlakçı onların hüquqlarını qoruyan İqtisadiyyat Nazirliyi yanında Anti-inhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət etməlidir. Bura şifahi, yəni 195-2 çağrı mərkəzi və yaxud da ərizə ilə müraciət edə bilərlər. Əgər Dövlət Xidməti provayderin müştərini aldatmasını sübut etsə, onda şirkət minimum 500 manat cərimələnəcək. Digər tərəfdən, vətəndaşlar məhkəməyə müraciət edə və daha sərt cəzalar tələb edə bilərlər. Onu da qeyd edim ki, istehlakçı hüquqlarına dair məhkəmə iddialarında istehlakçı dövlət rüsumunu verməkdən azaddır".
Hüquqşünas Səməd Vəkilov isə bu məsələdə dələduzluq komponentlərinin olduğunu bildirib:
"Bu məsələdə istehlakçının etibarından sui-istifadə edilib. Əgər belə istehlakçı hüquqları pozulmuş şəxslər çoxdursa, şirkətə (İPnet - red.) qarşı dələduzluq maddəsi ilə cinayət işi başlana bilər. Məsələ ilə bağlı prokurorluq, polis orqanlarına müraciət etmək lazımdır. Onlar Rabitə və Yüksək Texnologiyalar nazirliyinə müraciət edərək, həmin qurumun ünvanını və rəhbərliyini müəyyən edə bilərlər".
Anti-inhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə gəlincə, qurumdan bildiriblər ki, internet provayderlərinin fəaliyyəti ilə bağlı istənilən müraciət araşdırılır.