Rumıniyanın paytaxtı Buxarestdə 23 yaşadək güləşçilərin dünya çempionatı davam edir.
Beşinci yarış günündə sərbəst güləşçilər mübarizəyə başlayıb. Bu gün yığmamızın üç üzvü xalça üzərinə çıxıb.
Unikal.org AGF-yə istinadən xəbər veirr ki, Əfqan Xaşalov mundiala inamlı start verib. Həmyerlimiz ilk görüşdə gürcü güləşçi üzərində parlaq qələbə qazanıb. Ancaq Xaşalov 1/4 finalda özbəkistanlı idmançıya müqavimət göstərə bilməyib.
Əli Rəhimzadənin ilk görüşü ağır mübarizə şəraitində keçib. Kanada təmsilçisiylə qarşılaşmada hesabda 1:3 geridə olan Rəhimzadə son saniyələrdə əldə etdiyi 2 xal sayəsində növbəti mərhələyə yüksəlib. Əli Moldova nümayəndəsini də üstələyərək, adını yarımfinala yazdırıb. Yarımfinal görüşü axşam seansında keçirilib. Macar güləşçidən də güclü olan Rəhimzadə finala vəsiqə qazanıb.
Pəhləvanımızın qızıl medal uğrunda mübarizəsi noyabrın 17-də baş tutub. Əlinin Yaponiya idmançısı ilə final qarşılaşması olduqca gərgin mübarizə şəraitində keçib. Sonda sevinən yapon güləşçi olub və Rəhimzadə gümüş medalı boynundan asıb.
Füzuli Hüseynov gürcü rəqibiylə görüşdə hesabı açan tərəf olsa da, təşəbbüsü əldən verərək uduzub.
57 kq
1/4 final - Əfqan Xaşalov - Cahangirmirzə Turabov (UZB) 2:12
1/8 final - Əfqan Xaşalov - Roberti Dinqaşvili (GEO) 6:1
65 kq
FİNAL - Əli Rəhimzadə - Rey Hiquçi (JPN) 4:5
1/2 final - Əli Rəhimzadə - Roman Aşarin (HUN) 5:3
1/4 final - Əli Rəhimzadə - Maksim Sakultan (MDA) 4:1
1/8 final - Əli Rəhimzadə - Dillon Emmanuel Uilyams (CAN) *3:3
70 kq
1/8 final - Füzuli Hüseynov - Georgi Sulava (GEO) 2:12