Rumıniyanın paytaxtı Buxarestdə 23 yaşadək güləşçilərin dünya çempionatı sona çatıb. Altıncı yarış günündə sərbəst güləş üzrə yığmamızın son 4 üzvü xalça üzərinə çıxıb.

Ruslan Qasımov təsnifat mərhələsində özbək həmkarına çətinliklə də olsa, qalib gəlib. Ancaq 1/8 finalda Çin idmançısıyla bacarmayıb. 

Unikal.org xəbər verir ki, İsmayıl Abdullayev əvvəlcə qırğız rəqibini məğlub edib. Ancaq yerli güləşçiylə görüşdə hesab 2:2 olarkən zədələnən Abdullayev yarışdan çəkilmək məcburiyyətində qalıb. Rəqib finala yüksəldiyindən İsmayıl üçün bürünc medal qazanmaq fürsəti yaranıb. Amma təmsilçimizin zədəsi noyabrın 18-də təsəlliverici görüşə çıxmağa imkan verməyib.

Murad Süleymanov mundiala erməni güləşçisi üzərindəki qələbəylə başlayıb. Murad daha sonra gücünü belaruslu pəhləvana göstərib və yarımfinala yüksəlib. Ancaq finalın bir addımlığında Rusiya nümayəndəsinə uduzub. Həmyerlimiz noyabrın 18-də bürünc medal görüşünə çıxıb. Qarşılaşma boyunca kanadalı rəqibinə aman verməyən Süleymanov vaxtından əvvəl qalib gələrək, dünya 3-cüsü olub.

Şamil Zubairov debütdə erməni güləşçiyə heç bir şans verməyib. Yığmamızın üzvü növbəti mərhələdə Qazaxıstan təmsilçisi qarşısında da çətinlik çəkməyib. Şamil Hindistan idmançısını da yenərək adını yarımfinala yazdırıb. Ukraynalı güləşçiylə qarşılaşma dramatik keçib. Sona 6 saniyə qalmış həlledici xalı qazanan Zubairov minimal fərqlə qalib gəlib. Yığma üzvü noyabrın 18-də finalda mübarizə aparıb. Həlledici qarşılaşmada da əla mübarizə sərgiləyən təmsilçimiz dünya çempionu olub. 



AGF-nin vitse-prezidenti, sərbəst güləş üzrə milli komandanın baş məşqçisi Firdovsi Umudov başa çatan dünya çempionatı ilə bağlı fikirlərini bölüşüb: 

"Rumıniyanın paytaxtı Buxarestdə keçirilən 23 yaşadək güləşçilərin dünya çempionatı başa çatdı. Müəyyən səbəblərdən yarışa optimal heyətlə yollana bilmədik. Buna baxmayaraq, komandamız Buxarestə uğurlu çıxış edərək 3 medal qazandı. Əli Rəhimzadə (65 kq) gümüş medal qazandı. Əslində hakimlər obyektiv idarəçilik etsəydi, Əli dünya çempionu olmalıydı. Amma məyus olmağa dəyməz. Əlinin karyerası hələ qabaqdadır. Bundan sonra daha böyük uğurlara imza ata bilər.

Bu gün isə bizi iki güləşçimiz sevindirdi. Murad Süleymanov (86 kq) bürünc medal qazandı və potensialını ortaya qoydu. Şamil Zubairov (92 kq) isə finalda da digər görüşləri kimi parlaq qələbə qazanaraq dünya çempionu oldu. Şamil U-23 dünya çempionatlarında çempion olan ilk güləşçimiz oldu.

Məmnuniyyətlə qeyd edim ki, həm Murad, həm də Şamil bu yarışda erməni güləşçiyə qalib gəldi. Bu uşaqlar bizim gələcəyimizdir. Deməli, gələcəyimiz etibarlı əllərdədir. 

Sonda bu qələbə münasibətilə Azərbaycan xalqını, güləşçiləri, məşqçiləri və bütün güləşsevərləri təbrik edirəm". 

Qeyd edək ki, Şamil U-23 dünya çempionatlarında ilk qızıl medalçımız kimi adını güləş tariximizə yazdırıb.