Rumıniyanın paytaxtı Buxarestdə keçirilmiş 23 yaşadək güləşçilərin dünya çempionatında uğurlu çıxış etmiş sərbəst güləş üzrə yığmamız vətənə qayıdıb.

Unikal.org xəbər verir ki, bu münasibətlə Heydər Əliyev adına Beynəlxalq Hava Limanında təntənəli qarşılama mərasimi təşkil olunub. Baş məşqçi Firdovsi Umudov, məşqçilər Arif Abdullayev və Sadruddin Ayqubovun rəhbərliyi altında mundialda 3 medal qazanan komandamızı federasiya rəsmiləri, yeniyetmə və gənc güləşçilər, eləcə də media nümayəndələri qarşılayıb.

Millimizin baş məşqçisi brifinqdə bunları deyib: "Hər bir azərbaycanlı kimi ölkəmizin bayrağı qalxanda biz də sevinirik. Yığmanın baş məşqçisi olaraq mənim üçün ikiqat sevindirici haldır. Uşaqlar da sağ olsun ki, bütün potensiallarını ortaya qoydular. Bir qızıl, bir gümüş və bir bürünc medal qazandıq. Dünya çempionumuz Şamil Zubairov verdiyimiz taktikanı sonadək dəqiq yerinə yetirdi. Əli Rəhimzadənin finaldakı yapon rəqibi olimpiya mükafatçısı olsa da, onu qələbəyə kökləmişdik. O, minimal hesabla güclü rəqibinə uduzdu. Düzdür, burada hakimlərin də qeyri-obyektivliyi oldu. Murad Süleymanov isə yarımfinaladək özünü çox inamlı göstərdi. Ancaq yarımfinalda son Avropa çempionu rusiyalı Artur Nayfonovla görüşdə 4:1 öndə olsa da, sonradan inamsızlığı üzündən qələbəni əldən verdi. Ümumilikdə qazandığımız medallarla Azərbaycanın yenə idman ölkəsi olduğunu isbat edə bildik. Bu il həm gənclər, həm də U-23-lər arasında dünya çempionumuz oldu. Bütün bunlar da idmana dövlət qayğısı olduğunu bir daha göstərir.

Güləşçilərdə məsuliyyət həddən çox idi. Məsələn, ilk görüşdə Murad Süleymanov erməni güləşçisi ilə qarşılaşanda 9:0 öndə idi. Amma onda həddindən artıq məsuliyyət olduğu üçün bir gərginlik vardı və rəqibə 7 xal verdi. Düzdür, sonradan idmançımız psixoloji yöndə tapşırığımıza əməl edərək 10:7 hesabı ilə qalib gəldi. Eləcə də Şamil Zubairov finaldakı rusiyalı güləşçi ilə iki il əvvəl qarşılaşmışdı. Həmin videoya baxıb, rəqibi təhlil etmişdik. Onun qələbəsi məni hədsiz sevindirdi. O, U-23-lərin Avropa çempionluğundan sonra dünya çempionu da oldu.
97 kq-da favoritlərdən sayılan Nurməhəmməd Hacıyev ailə problemlərinə görə son anda dünya çempionatında iştirak edə bilmədi. Gecə saatlarında ona zəng gəldi və evinə qayıtmalı oldu. Bu üzdən Rumıniyaya onsuz yola düşdük və həmin çəki dərəcəsində idmançımız olmadı.

74 kq-da mübarizə aparan İsmayıl Abdullayev də medal qazana bilərdi. Amma 1/4 finalda yerli idmançı ilə mübarizə zamanı hesab 2:2 olarkən zədələndi və görüşü yarımçıq tərk etdi. Daha sonra zədəsi onun təsəlliverici yarışa da qatılmasına imkan vermədi. Ancaq bu, qismətdir. Zədələrdən heç bir idmançı sığortalanmayıb. Buna hazır olmaq lazımdır.

Bu güləşçilərin 20-21 yaşları var. Biz hər zaman gənclərə üstünlük verməyə çalışırıq. Hörmətli federasiya rəhbərimiz Namiq müəllim də daha çox gənclərin potensialından istifadə edilməsində maraqlıdır. Hər çəkidə artıq rəqabət yaranır. Bildiyiniz kimi, artıq bizdə 65 kq-da yeniyetmələrin olimpiya çempionu var. O çəkidə bizim üçqat dünya çempionumuz Hacı Əliyev, Turan Bayramov və Əli Rəhimzadə rəqabət aparacaq. Ölkə çempionatına əsasən milliyə hansı idmançının düşməsini müəyyənləşdirəcəyik. Düzdür, ölkə çempionu olmaq da hələ onun dünya və Avropa çempionatlarında millimizi təmsil etməsi anlamına gəlməyəcək. Biz onları beynəlxalq turnirlərdə sınayacağıq. Açığını deyim ki, millidə heç kimə güzəşt olunmayacaq, heç kimin nazı ilə oynanılmayacaq. Kim millidə nizam-intizama əməl etsə, həmin güləşçilər də beynəlxalq yarışlarda iştirak edərək II Avropa Oyunları və Tokio Olimpiadasında Azərbaycanı təmsil etmək hüququ əldə edəcək. Bəziləri deyir ki, dünya çempionatına filan idmançını apar, o da iştirak etsin. Biz kiminsə xahiş, istəyi ilə hərəkət etmirik. Dünya çempionatı mötəbər turnirdir, hansısa adi beynəxalq yarış deyil".