ABŞ şahmatçısı Fabiano Karuana və norveçli Maqnus Karlsen arasında dünya çempionu adı uğrunda keçirilən 12 partiyanın hamısı heç-heçə ilə yekunlaşıb.
Unikal.org-un məlumatına görə, 12-ci partiyada tərəflər 3 saatlıq mübarizənin ardından 31-ci gedişdə "sülh"ə razılaşıblar.
Karuana ağ, Karlsen qara fiqurlarla oynayıb. Hazırda hesab bərabərdir - 6:6. Beləliklə, dünya çempionu noyabrın 28-də tay-breykdə müəyyənləşəcək.
Tay-breyk vaxta nəzarətlə hər biri 25 dəqiqə və hər gediş üçün 10 saniyədən ibarət olmaqla, 4 partiyadan ibarətdir. Bu zaman da hesab bərabər olsa, 5 dəqiqə + 3 saniyə rejimi ilə daha 2 partiya keçiriləcək. Yenə qalib müəyyənləşməsə, daha 2 partiyadan ibarət 4 blits matç təyin olunacaq. Ümumilikdə 10 görüşün yekununda da qələbə qazanan olmasa, ağlara 5, qaralara 4 dəqiqə verilməklə və 61-ci gedişdən sonra 3 saniyə əlavə edilməklə, həlledici partiya keçiriləcək. Bu görüşdə də heç-heçə qeydə alınsa, qara fiqurlarla oynayan şahmatçı qalib elan olunacaq.