“Qanunvericiliyin tələbləri pozulduğuna görə “EuroHome” tikinti materialları bazarında aparılan tikinti-quraşdırma işlərinin Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən dayandırılmasına qərar verilib”.
Unikal.org xəbər verir ki, bunu APA -ya FHN-nin Dövlət Yanğın Nəzarəti Xidmətinin (DYNX) şöbə rəisi, daxili xidmət polkovniki Elnur Babayev deyib.
O bildirib ki, Yanğın Təhlükəsizliyi Norma və Qaydalarına əməl olunmaması “EuroHome”da baş vermiş yanğın hadisəsinin qısa zaman kəsiyində geniş sahəyə yayılmasına, obyektin sahibinə və ticarət sahələrini icarəyə götürmüş şəxslərə külli miqdarda maddi ziyanın dəyməsinə səbəb olub.
E. Babayevin sözlərinə görə, digər yanğına qarşı tələblərlə yanaşı, Tikinti Norma və Qaydalarına uyğun olaraq, ölçüləri və təyinatı nəzərə alınaraq ayrı-ayrı ticarət sahələri vahid dam altında olduğu təqdirdə, onlar biri-birindən yanğına qarşı sədlərlə ayrılmalıdır ki, baş verən yanğın zamanı bir sahədən digər sahələrə yanğının yayılma ehtimalı minimum olsun.
Şöbə rəisi qeyd edib ki, bu normativ tələb obyektin layihə sənədlərində nəzərdə tutulmalı və inşası zamanı nəzərə alınmalı idi: “Lakin Yanğın Təhlükəsizliyi haqqında Qanuna uyğun olaraq, obyektin sahibi tərəfindən layihə sənədləri yanğın təhlükəsizliyi baxımından ekspertiza olunması üçün DYNX-yə təqdim olunmayıb, tikintisi və istismarı Xidmətlə razılaşdırılmadan həyata keçirilib. Həyatın hər sahəsində insan başına gələndən dərs çıxarırsa, bəlanın səbəbini analiz edib səhvlərini düzəldirsə, özünü növbəti bəlalardan mühafizə etmiş olur, riski minimuma endirir. “EuroHome”un misalında isə biz bu məntiqin əksinin şahidi olmaqdayıq. Hazırda “EuroHome”un yanğından yararsız vəziyyətə düşmüş sahələrində tikinti-quraşdırma işləri aparılmaqdadır. Hadisədən bir aydan az müddətinin keçməsinə baxmayaraq, baş vermiş yanğın hadisəsindən obyektin rəhbərliyi tərəfindən lazımi nəticə çıxarılmayıb, tikinti qanunvericiliyinə məhəl qoyulmadan, layihə sənədləri FHN-nin Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmadan təkrarən tikinti-quraşdırma işlərinə başlanılıb. Qanunvericiliyin tələbləri pozulduğuna görə obyektdə aparılan tikinti-quraşdırma işlərinin FHN tərəfindən dayandırılmasına qərar verilib”.
E. Babayev onu da qeyd edib ki, Bakı şəhərində fəaliyyət göstərən “Binə” və “Sədərək” ticarət mərkəzlərinin tikintisi zamanı yanğın təhlükəsizliyi normalarına laqeyd münasibət göstərilib, normativ sənədlərin tələblərinə uyğun olaraq, yanğına qarşı sədlərlə ayrılmasına riayət olunmayıb.