Ukraynanın Kiyev şəhərində müəmmalı şəkildə ölən Cavid Abdullayevin Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin qardaşı oğlu olmasıyla bağlı bəzi mətbuat orqanlarında məlumat yayılıb.
Unikal.org xəbər verir ki, Konstitusiya Məhkəməsinin Protokol və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Aslanov Trend-ə açıqlamasında məlumatı təkzib edib.
T. Aslanov yayılan xəbərlərin həqiqətə uyğun olmadığını bildirib və ölən şəxsin Fərhad Abdullayevlə heç bir qohumluq əlaqəsinin olmadığını deyib: "Bildirmək istəyirəm ki, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin cəmi 1 qardaşı var. Onun adı Cavad Abdullayevdir, uzun müddət hüquq-mühafizə orqanlarında çalışıb və hazırda təqaüddədir. Cavad Abdullayevin isə 2 oğlu var-Sahib və Rüstəmdir. Hadisədə adları çəkilən şəxslərin isə heç biri Fərhad Abdullayevin qohumu deyil. Yayılan məlumatlar tam əsassızdır".
Qeyd edək ki, müəmmalı şəkildə ölən Cavid Abdullayev aktrisa Pərvin Abıyevanın sevgilisi - keçmiş polis leytenantı Murad Abdullayevin qardaşıdır. Məlumata görə, Pərvin Abıyeva, “Miss Azerbaijan-2019” gözəllik yarışmasının qalibi Səmra Hüseynova və hər iki qardaş - Murad və Cavid Abdullayevlər Yeni ili Ukraynanın paytaxtı Kiyev şəhərində yerləşən “CHI club Kiev”də keçiriblər. Amma bayram gecəsi mərhumun nədən vəfat etdiyi hələlik naməlumdur.