Bu gün saat 03:45 radələrində “Azərbaycan Dəmir Yolları” QSC-nin Qala stansiyasında yol-nəqliyyat hadisəsi baş verib.
Unikal.org quruma istinadən xəbər verir ki, Mais Mustafa oğlu Kərimovun idarə etdiyi 90-JB-417 dövlət nömrə nişanlı təcili tibbi yardım maşını stansiyanın yaxınlığındakı qorunmayan dəmir yolu keçidindən keçməyə cəhd göstərib.
Bu zaman nəqliyat vasitəsi yolla hərəkət edən lokomotivlə toqquşub. Hadisə nəticəsində təcili tibbi yardım maşınının sürücüsü Mais Kərimov, həkim Zərifə Məmməd qızı Süleymanova, feldşer Bayram Kamal oğlu Nəsibov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Təcili tibbi yardım maşınına da ziyan dəyib. Yaralılar xəstəxanaya çatdırılıb.
Qəzanın nəticələri saat 06:45-də aradan qaldırılıb və qatarların hərəkəti bərpa olunub.
İlkin araşdırma nəticəsində məlum olub ki, təcili yardım maşınının sürücüsü “Yol hərəkəti haqqında Qanun”un 44-cü maddəsinin tələblərini pozub. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.
Qeyd edək ki, qəzada xəsarət alan təcili tibbi yardım maşınının sürücü M.Kərimovun ayağı amputasiya olunub.