İyun ayının sonlarından Rusiya Federasiyasından respublikamızın Şabran və Siyəzən rayonları ərazisinə (Xəzər dənizi sahili boyu) Asiya çəyirtkələrinin sürü halında miqrasiyası baş verib.
Unikal.org-a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən verilən xəbərə görə, miqrasiyaya səbəb Dağıstan ərazisində baş vermiş güclü küləyin olması ehtimal olunur.
Bununla bağlı olaraq mühafizə tədbirlərinin görülməsi məqsədilə, AQTA tərəfindən Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinə məktub ünvanlanıb. Eyni zamanda, Agentlik və Kənd Təsərrüfatı Nazirliyinin müvafiq qurumları ilə birgə həmin ərazilərdə məhvetmə tədbirləri həyata keçirilərək çəyirtkəkimilərin kənd təsərrüfatı məhsullarına verə biləcəyi zərərin qarşısı alınıb. Hazırda sözügedən ərazilərdə müşahidə aparılmaqla yanaşı, aşkarlanan kiçik dəstələrə qarşı mübarizə tədbirləri davam etdirilir.
Qeyd edək ki, hər il olduğu kimi, bu il də Agentlik sədrinin müvafiq əmri ilə Rusiya Federasiyası, İran İslam Respublikası, Gürcüstan Respublikası və Rusiya Federasiyası ilə həmsərhəd ərazilərin (4 istiqamət üzrə) sərhəd mühafizə zonalarında xüsusi təhlükəli və karantin tətbiq edilən zərərli orqanizmlərin vaxtında aşkarlanması ilə bağlı fitosanitar müşahidə və qabaqlayıcı profilaktiki mübarizə tədbirlərinin təşkili məqsədilə Agentlik və Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşlarından ibarət İşçi Qrupu yaradılıb.
Xüsusi təhlükəli zərərverici sayılan çəyirtkəkimilərlə bağlı ehtimal olunan təhlükələrin qarşısının alınması üçün zəruri tədbirlərin görülməsi barədə Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirliklərinə müraciət ünvanlanaraq məhsul itkisinin qarşısının alınması, ərzaq təhlükəsizliyinin təmin olunması və yaşıllıqların mühafizəsi məqsədilə, ehtiyac yarandığı təqdirdə mübarizə tədbirlərinə dəstək göstərilməsi xahiş olunub.