Azərbaycanın dövlət rabitə operatoru “Aztelekom” MMC magistral xətt şəbəkəsinin DWDM/MPLS texnologiyaları əsasında yenidən qurulması işlərinə başlayıb.

Unikal.org xəbər verir ki, bu barədə Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat yayılıb.

Bildirilib ki, layihə çərçivəsində telekommunikasiya qovşaqlarında müasir avadanlıqlar quraşdırılır, əlavə magistral fiber-optik xətlər çəkilir. Eyni zamanda regionlara ötürülən trafikin həcmi dəfələrlə artırılıb.

Xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması və çeşidlərin artırılması ilə bağlı hazırlanan layihələr əsasında hazırda 4 regionda şəbəkənin yenidənqurma işləri aparılır. Növbəti mərhələdə 6 regionda müvafiq işlərin görülməsi planlaşdırılır.

“Aztelekom”un xidməti ərazilərində kabelləşdirilməsi çətin olan, dağlıq relyefdə yerləşən yaşayış məskənləri mövcuddur. Bu ərazilərdə xidmətlərə əlçatanlığı təmin etmək üçün 4G texnologiyalarından istifadə etməklə şəbəkə qurulur.