Azərbaycan Dillər Universiteti (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu Sumqayıt məktəbliləri üçün “Salam, Çin!” adlı silsilə onlayn seminarlarını davam etdirir.
Unikal.org-a ADU-nun mətbuat xidmətindən verilən xəbərə görə, seminarda Sumqayıt şəhər 42 nömrəli tam orta məktəbin Mübariz İbrahimov adına VIIa sinif şagirdləri və müəllimləri iştirak ediblər.
Seminarda ADU Konfutsi İnstitutunun mütəxəssisi Nigar Qocayeva şagirdlərə Çin mədəniyyətinin inciləri olan Çin çay dəzgahı və Tay çi çuan ənənəvi Çin döyüş sənəti haqqında ətraflı məlumat verib. O, Çin çayının dəmlənməsinə qəti tələblər və Tay çi çuan ənənəvi Çin döyüş sənətinin tarixindən danışaraq, Konfusti İnstitutunda bu sahədə keçirilən tədbirlərdən də bəhs edib.
42 nömrəli tam orta məktəbin İngilis dili müəllimi Fəxrədova Almaz şagirdlərə qərblə, şərq mədəniyyəti arasındakı fərqdən bəhs edib.
ADU Konfutsi İnstitutun direktoru Rafiq Abbasov məktəblilər arasında bu cür seminarların keçirilməsinin vacibliyini vurğulayaraq, müəllifi olduğu Prezident İlham Əliyevin Azərbaycanla Çin arasında ənənəvi dostluq münasibətlərinin, hərtərəfli əməkdaşlığın möhkəmləndirilməsi və inkişafı istiqamətində fəaliyyətinə həsr olunmuş “İlham Əliyev – iki qədim xalqın dostluğunun müasir davamçısı” kitabı haqqında məlumat verib.
Sonda 42 nömrəli tam orta məktəbin direktoru Şahsənəm Məmmədovanın, şagirdlər arasında bu cür maarifləndirici seminarları təşkil etdiyi üçün Konfutsi İnstitutunun rəhbərliyinə dərin təşəkkürləri çatdırılıb.