Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, ATMU-nun rektoru İlham Mədətov, IMC Krems Tətbiqi Elmlər Universitetinin Baş İcraçı Direktoru Prof. Karl Ensfelner, həmçinin universitetdən cari ildə məzun olan tələbələr Azərbaycan Turizm və Menecment Universitetinin 2020-ci il məzunlarını təbrik ediblər. 

ATMU-dən Unikal.org-a verilən xəbərə görə, Dövlət Turizm Agentliyinin sədri cənab Fuad Nağıyev çıxışında Azərbaycan Turizm və Menecment Universitetinin məzunlarını təbrik etmiş, şəxsi və gələcək həyatlarında uğurlar arzulamışdır. 

Rektor cənab İlham Mədətov Azərbaycan Turizm və Menecment Universitetinin 2020-ci il məzunlarını, onların valideynləri və müəllimlərini təbrik edərək böyük hədəflərə gedən yolda hər kəsə müvəffəqiyyətlər diləyib. 

İlham Mədətov, həmçinin məzunlarla iş haqqında məlumat vermiş, onlarla universitet arasında əməkdaşlıq və əlaqələrin daimi olacağına inamını ifadə etmişdir. 

IMC Krems Tətbiqi Elmlər Universitetinin Baş İcraçı Direktoru Prof. Karl Ensfelner məzunlara ünvanladığı müraciətdə bildirib: “Siz özünüzlə fəxr etməlisiniz! Bu gün Sizin gününüzdür! Məzun günüdür! Sevinin! Xanımlar və cənablar, bu gün məhsul yığımı vaxtıdır! Avstriyanın IMC Krems Tətbiqi Elmlər Universiteti adından mən Sizlərə hər cür gözəllik, uğurlu karyera və xoşbəxt həyat arzu edirəm!”.

ATMU-nu təhsil aldıqları ixtisaslar üzrə birinciliklə bitirən bakalavriatura və magistratura pillələrinin cari ildəki  məzunlarının təbrik çıxışları da video-çarxda yer alıb.

Video-çarx ATMU-nun sosial şəbəkələrdəki hesablarında izləyicilərə təqdim edilmişdir.   

Məlumat üçün qeyd edək ki, ötən tədris ilində ATMU bir sıra uğurlara imza atmışdır. Universitetin  “Turizm işinin təşkili” ixtisas proqramı üzrə ISO 9001:2015 - Keyfiyyət İdarəetmə Sistemi və Ümumdünya Turizm Təşkilatının “UNWTO.TedQual” beynəlxalq keyfiyyət sertifikatlarına layiq görülməsi ən böyük nailiyyətlərindən biridir.  Qeyd olunmalıdır ki,  Cənubi Qafqaz regionunda fəaliyyət göstərən ali təhsil müssisələri içərisində ilk dəfə ATMU “UNWTO.TedQual” beynəlxalq keyfiyyət sertifikatına layiq görülmüşdür. 

 Hazırda ATMU-da 3 fakültə və 10 kafedra fəaliyyət göstərməklə təhsilin bakalavr pilləsi üzrə 12, magistratura pilləsi üzrə 18 ixtisas üzrə tədris həyata keçirilir. Həmçinin Doktorantura və  Əlavə təhsil proqramlarına da qəbul aparılır. 

Aşağıdakı keçiddə sözügedən video-çarxa baxa biləriniz.