Məşhur həkim, kardioloq Dr. Ülvi Mirzoyev yüzlərlə həmkarının mənəvi terrora məruz qaldığını bəyan edib. O, tibb işçilərini qarşılaşdıqları “şiddətdən” müdafiə etmələri üçün Dövlət başçısı və Birinci Vitse-prezidentə məktub ünvanlayıb.
Unikal.org məktubun mətnini təqdim edir:
“Hörmətli Cənab Prezident, Hörmətli Mehriban Xanım,
Sizə müraciət etməmim səbəbi son zamanlar ölkəmizin səhiyyə işçiləri, əsasən də həkimlərimizin, müxtəlif növ mənəvi terrora məruz qalmasıdır. Şəxsən mən özümdə, bir çox başqa həmkarım kimi, bu cür terrorun qurbanı olmuşam.
Həkimlik peşəsi müqəddəsdir, bu peşə təsadüfən seçilmir, tibb təhsilini tamamlayıb, o ağ xalatı geyinən kimi bambaşqa bir mənəviyyata bürünürsən, bütün həyatının mənası insanlığa, insanlara, onların sağlamlığına xidmət etmək olur. O andan sonrakı həyatında hər şeydən öncə xəstələrimizin maraqlarını prioritet halında tutmaq həyat fəlsəfəmizə çevrilir. Bir peşəkar həkim asan yetişmir. Həm dövlətimiz, həm də mütəxəssisin özü bu iş üçün illərini verir. Altı illik tibb təhsili, bir illik kardiologiya internaturası sonrası, ölkəmin insanlarına daha yaxşı xidmət vermək üçün, Ankara Universitetində 5 illik ixtaslaşma, daha sonra isə İstanbulda Türkiyənin ən böyük xəstəxanaların birində uzun müddət çalışdıqdan sonra, vətənimə qayıdıb, xalqımıza xidmət verməyə başladım. 2008-ci ildən bu günə qədər ölkəmizdəki kardioloji xidmətin təkmilləşməsinə, keyfiyyətinin artırılmasına, insanlarımızın sağlamlıq dərəcəsinin maksimallaşmasına, tibb elminin inkişafına hər zaman əlimdən gələn tohfəni vermişəm.
ABŞ-nın Klivlend klinikasında və Almaniyanın HeidelbergUniversitetində ixtisasartırma keçmişəm. Onlarca, yüzlərcə elmi konfranslarda məruzəçi kimi çıxış etmişəm, beynəlxalq konferensiyalarda ölkəmi, Azərbaycanımı daim layiqincə təmsil etmişəm. Bir çox mürəkkəb prosedurları Azərbaycanda tətbiq edib, təkmilləşməsi və yayqınlaşması prosesində iştrak etmişəm. Bu sahədə ekspert mütəxəssilərdən biri olduğum üçün, həmkarlarım tərəfindən Azərbaycan Kardioloji Cəmiyyətinin Müdaxiləvi Kardiologiya işçi qrupunun rəhbəri olaraq seçilmişəm. Bütün həkimlər kimi, həyatımdaki əsas aqidəm daim təhsil və peşəkarlıq səviyyəmi artıraraq xalqıma maksimal dərəcədə faydalı olmaq olub. Konkret həkimlik fəaliyyətimdən əlavə olaraq ölkəmizin əhalisisnin sağlamlığının artırılmasına daha çox xidmət edə bilmək üçün, səhiyyə təşkili və idarə edilməsi sahəsində də özümü təkmilləşdirmək məqsədi ilə əvvəlcə Türkiyənin Hacettepe universitetində, daha sonra İngiltərənin ən prestijli universitetlərdən sayılan The London School of Economics də səhiyyə idarəedilməsi üzrə elmlər magistri təhsilini almışam.
Tibb üzrə fəsləfə doktoruyam, Elmlər Doktoru dissertasiyasını yazıram. Hal hazırda İngiltərərnin Oksford universitetində yenə part-time təhsilimi davam etdirirəm. 44 yaşımda təhsilimi və daimi inkişafımı hələ də dayandırmaq niyyətində deyiləm, ömrümün sonunadək daim öyrənib, öyrətmək istəyirəm.
Mən ölkəmizin ən sürətlə inkişaf edən sahələrindən biri olan səhiyyə sistemimizin yüz minlərcə əsgərindən biriyəm. Mən, mənim kimi minlərcə həmkarım, Sizlərin başçılığı ilə Vətənəmizin insanının sağlamlığının qorunması və artırılması üçün daim xidmət etməyə davam edəcəyik.
Heç bir ölkədə Azərbaycanda olduğu qədər ölkə rəhbərliyinin bu qədər hər bir səhiyyə işçisinin qayğısına qalındığının şahidi olmamışam.Hər zaman olduğu kimi, COVID-19 pandemiyası dövründə də Prezidentimiz və Birinci Vitse-Prezidentimiz tərəfindən həm əhalimizin, həm də tibb işçilərimizin həyatı və sağlamlığı üçün nə cür diqqət və qayğı göstərildiyi göz qabağındadır. Hansı başqa ölkədə bir həkimin müalicəsi bir dövlət rəhbəri tərəfindən şəxsən nəzarət edilir?Mən belə bir şey eşitməmişəm. Hər bir insanın, hər bir tibb işçisinin həyatına nə qədər yüksək qiymət verdiyinizi hamımız görürük və bu səbəblə Sizə dərin minnətdarlığımızı bildiririk.
Bir mövzuda da Sizdən kömək istəyirəm. Hər nə qədər hər bir xəstəmizin həyatı və sağlamlığı üçün sonuna qədər savaşsaq da, hər zaman hədəflədiyimiz nəticə alına bilməyə bilər. Bütün dünyada olduğu kimi, bəzən xəstəlirimiz sağalmaz və yaxud da pilsəşər, hətta vəfat edə bilər. Bu həyatın bir parçasıdır, xəstəliklərin gedişatı, ağırlıq dərəcəsi, pasientlərin əlavə demoqrafik və kliniki xüsusiyyətlərindən asılıdır. Hər bir həkim xəstəsini itirə də bilər. Bu çox vaxt bizim nəzarətimizin xaricindədir. Burada mütləq hər zaman həkim gunahkar deyildir. Amma bəzən heç bir araşdırma aparmadan, vəziyyəti tam anlamadan, cəmiyyətimizin bəzi üzvləri həkimləri məhkəməsiz mühakimə edirlər, illərcə qazanılmış şərəf və ləyaqətlərinə, işguzar imiclərinə xələl gətirilər. Bəzən xəstə yaxınları araşdırıb-soruşdurmadan bunu edirlər, bunu yenə də anlamaq mümkündür, insanın bir itkisi olanda bir günahkar axtarmağa meyilldir, amma bəzən də bu durumdan sensasiya peşində olan bəzi ikinci sinif kütləvi informasiya vasitələri istifadə edib, heç bir araşdırma, müstəqil jurnalist istintaqı aparmadan, rəsmi məlumatlara istinad etmədən, heç bir ictimai etika ilə uyğun olmayan böhtan xarakteri daşıyan məlumatlar dərc edirlər. Səhiyyə işçilərimiz mənəvi terror, bəzən də reketin qurbanı halına çevirilirlər. Bu cür hallara müdaxilə edilməsə, mənəvi terror, bəzi qonşu ölkələrdə olduğu kimi, fiziki terrorla da müşahidə olunacaq. “Defensive Medicine” adlandırılan bir vəziyyətin yaranma təhlükəsi olacaq, həkimlər ağır xəstələri qəbul etməkdən çəkinəcək, özlərini qorumaq üçün ağır əməliyyatlar və müalicələr aparmaqdan imtina edəcək, həkim olmaq istəyən gənclərimizin sayı azalacaq, bunu edənlər isə nisbətən yüngül, riski az olan sahələri seçməyə üstünlük verəcəklər, xaricdə yaşayan minlərcə yüksək ixtisalı həkim həmvətandaşlarımız ölkəmizə qayıtmaqdan yayınacaq və bütün bunlar səhiyyəmizin və insanlarımızın sağlamlığına mənfi təsir edəcək.
Sizdən xahişim, tibb işçilərinə qarşı mənəvi şiddətin azaldılması üçün lazım olan tədbirləri şəxsi nəzarətiniz altına götürün. Milli məclisə həkim haqqlarını qoruyan əlavə qanun layihələri ilə müraciət edin, bu qədər dəyər verdiyiniz, qayğı göstərdiyiniz səhiyyəmizin və səhiyyə çalışanlarımızın haqqlarının hansısa şuursuz insanlar tərəfindən taptalanmasının qarşısını alın. Bizim səhiyyəmizin Sizlərin rəhbərliyi ilə görəcək hələ çox işi var. Tibbi xidmət keyfiyyətinin, xəstə təhlükəsizliyinin, xəstə mərkəzliliyinin, sübüt əsaslı effektiv tibbi yardımın təşkili, əhalinin sağlamlıq dərəcəsinin artırılması üçün hələ çox çalışıb, vuruşmalıyıq. Hər zaman qayğılarınızı əsirgəmədiyiniz və rəhbərlik etdiyiniz tibb işçilərini bu terrordan xilas edin”.