Noyabrın 12-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Fransa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zakari Qros ilə görüşüb.
Unikal.org xəbər verir ki, görüşdə Ermənistanın işğalçılıq siyasəti, onun ağır nəticələrinin aradan qaldırılması, Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə bağlı mövcud vəziyyət, qaçqınların və məcburi köçkünlərin işğaldan azad edilən ərazilərə qayıtması məsələsi ətrafında fikir mübadiləsi aparılıb.
Fransalı diplomata bir daha xatırladılıb ki, Ermənistan 1988-93-cü illərdə etnik təmizləmə və işğalçılıq siyasəti yeritməklə bir milyondan çox azərbaycanlını qaçqın və məcburi köçkün vəziyyətinə salıb. Doğma yurdundan didərgin düşən, evini və işini itirən bu insanlar uzun illər normal yaşayış şəraiti olmayan yerlərdə - çadırlarda, dəmiryol vaqonlarında, yeraltı qazmalarda, yararsız və yarımçıq tikililərdə, inzibati binalarda müvəqqəti məskunlaşıblar. Azərbaycan dövləti qaçqınların və məcburi köçkünlərin problemlərinin həllini sosial siyasətin üztün istiqaməti kimi müəyyənləşdirib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə qaçqınların və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması üçün məqsədyönlü ardıcıl tədbirlər həyata keçirilir. Birinci vitse-prezident Mehriban Əliyeva bu kateqoriyadan olan həmvətənlərimizə xüsusi diqqət və qayğı göstərir. İndiyədək 320 minə yaxın məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb, bu məqsədlə salınan yeni yaşayış komplekslərinin və məhəllərinin sayı ilbəil artır.
Görüşdə Fransa Respublikasının ölkəmizin ərazi bütövlüyünü tanıdığı, BMT-nin Təhlükəsizlik Şurasının üzvü kimi hələ 1993-cü ildə Ermənistan hərbi birləşmələrinin işğal etdikləri Azərbaycan ərazilərindən qeyd-şərtsiz və dərhal çıxarılmasını nəzərdə tutuan 4 qətnamənin lehinə səs verdiyi qeyd olunub. Eyni zamanda, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk Qrupunun həmsədrlərindən olan Fransanın vasitəçilik mandatına zidd olaraq birtərəfli mövqe tutmasından narahatlıq ifadə edilib. Diqqətə çatdırılıb ki, bu ölkədəki erməni lobbisinin Fransanın dövlət siyasətinə təsir göstərməsi təəssüf doğurur.
Görüşdə qeyd olunub ki, Ermənistan, Azərbaycan və Rusiya dövlət rəhbərlərinin Qarabağda silahlı münaqişənin dayandırılması məqsədilə bu il noyabrın 10-da imzaladıqları bəyanatda təsbit olunan tədbirlərin icrası azərbaycanlı məcburi köçkünlərin tarixən xalqımıza məxsus olan torpaqlara, oradakı ata-baba yurdlarına qayıtmasına şərait yaradır. Azərbaycan hökuməti məcburi köçkünlərin tezliklə müəyyən olunacaq müddətlərdə öz daimi yaşayış yerlərinə qaytarılmasını təmin edəcəkdir. Cəbrayıl rayonun Cocuq Mərcanlı kəndinin, Tərtər rayonunun Şıxarx qəsəbəsinin işğaldan sonrakı bərpası bu sahədə həyata keçiriləcək tədbirlərə nümunə kimi göstərilib.
Zakari Qros səmimi qəbula görə minnətdarlığını bildirib. Diplomat Ermənistanla Azərbaycan arasında sentyabr 27-dən başlayan və 10 noyabra qədər davam edən müharibənin başa çatmasını regionda təhlükəsizliyin bərqərar olması baxımından müsbət dəyərləndirilib, azərbaycanlı məcburi köçkünlərin doğma torpaqlarına qayıtmaq imkanı qazanmasından məmnunluğunu ifadə edib. O, həmçinin əvvəllər bir neçə dəfə Fransanın nümayəndə heyətlərinin azərbaycanlı məcburi köçkünlərin yaşadığı qəsəbələrdə onların yaşayış şəraiti ilə yaxından tanış olduqlarını qeyd edib. Fransa-Azərbaycan əlaqələrində müsbət ənənələrin olduğunu vurğulayan Zakari Qros, ölkələrimiz və xalqlarımız arasında münasibətlərin bundan sonra da həmin ənənələr əsasında davam etdirilədəcəyinə əminliyini bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.