"Çox maraqlı oyunun şahidi olduq. Çempionatdakı 3 həftəlik fasiləyə baxmayaraq, matçın tempi, gərginliyi yerində idi. Mövsümün ən baxımlı görüşlərindən birini izlədik. Hər iki komanda meydana qələbə üçün çıxmışdı. Amma gedişat elə idi, hücum etdikdə qapımızda qollar gördük".
Unikal.org xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 12-ci turunda evdə "Sumqayıt"la 2:2 hesablı heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında deyib.
"İkinci hissədə daha yaxşı oynadıq. Böyük üstünlüyümüz var idi. Qələbəyə yaxın olsaq da, fürsətlərdən lazımı səviyyədə istifadə edə bilmədik. Buna baxmayaraq, standart vəziyyətlərdən iki baxımlı qol vurduq. Hər iki komanda yaxşı futbol göstərdi" - deyə o bildirib.
Sadıqov "Sumqayıt"ın çempionatda ən təhlükəli komandalardan biri olduğunu söyləyib: "Bunu əvvəlki oyunlarına baxanda da görmək olar. Bu komandaya qarşı matçlar hər zaman çətin olur. İlk dövrədəki oyunumuz da gərgin keçmişdi. Orada da eyni vəziyyət olmuşdu. Biz yaxşı oynamışdıq, rəqib əlinə düşən fürsətləri dəyərləndirmişdi".
"Zirə"nin baş məşqçisi deyib ki, bu gün iki dəfə hesabda geri düşdüklərini nəzərə alsalar, heç-heçə onlar üçün pis nəticə deyil: "Ən azı "Sumqayıt"la xal fərqini saxladıq. "Keşlə"nin məğlub olduğunu eşitdim. Ona görə də 1 xal daha da dəyərli olur".