Avropa İttifaqı (Aİ) Polis Təşkilatının (Avropol) koordinasiyası ilə Avropa Baş Prokurorluğu (EPPO) tərəfindən 14 ölkədə eyni vaxtda həyata keçirilən əməliyyatlarda təxminən 2,2 milyard avro dəyərində vergidən yayınan 24 nəfərin saxlanıldığı bildirilib.
"Unikal" xəbər verir ki, Europoldan verilən yazılı açıqlamada, Portuqaliya mənşəli bir şirkətə və onunla əlaqəli Avropada bir çox şirkətə qarşı həyata keçirilən əməliyyatın bu günə qədər ən əhatəli vergidən yayınma əməliyyatı olduğu bildirilib.
Qeyd edilib ki, 2021-ci ilin aprel ayında Portuqaliyada yerləşən bir elektronika şirkətinin fəaliyyətini yoxlayan təhlükəsizlik bölmələri sözügedən şirkətlə əlaqəli 30 ölkədə 9 min şirkət və 600 nəfərin kommersiya fəaliyyətini araşdırıb.
EPPO-nun noyabrın 29-da 14 AB ölkəsindəki təhlükəsizlik bölmələrinə rəhbərlik etməklə başladığı və eyni vaxtda əməliyyatların Portuqaliyadakı şirkətlərə və vergidən yayınan, planşet, telefon, kompüter kimi elektron cihazları satan şirkətlərə qarşı yönəldiyi bildirilib.
Əməliyyatlar çərçivəsində 312 evdə axtarış aparılıb, Portuqaliya, İtaliya və Fransada ümumilikdə 24 nəfər saxlanılıb.
Əməliyyatlar nəticəsində 529 bank hesabı dondurulub, 81 daşınmaz əmlak, 31 lüks avtomobil, 2,5 milyon avro nağd pul, 1 Kalaşnikov avtomatı və ümumilikdə 67 milyon avro dəyərində elektron cihaz müsadirə edilib.
Lüksemburqda yerləşən EPPO xərclər və gəlir fırıldaqçılığı, iki və ya daha çox üzv dövlətin iştirak etdiyi ən azı 10 milyon avro məbləğində ƏDV ilə bağlı fırıldaqçılıq, Aİ büdcəsindən saxta aktivlərin yuyulması, Aİ-nin maliyyə maraqlarına təsir edən korrupsiya və sui-istifadə hallarını araşdırır.