Hazırda biz Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin genişləndirilməsi ilə ciddi məşğuluq. Keçən il göstəriş verilib və büdcədən 100 milyon dollardan çox vəsait ayrılacaq, onun bir hissəsi artıq ayrılıb. Biz bu dəmir yolunun ötürmə qabiliyyətini indiki 1 milyon tondan 5 milyon tona qədər çatdıracağıq. Amma bu da kifayət etməyəcək.
"Unikal" xəbər verir ki, bu fikri Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində Azərbaycandan keçən nəqliyyat dəhlizlərinin inkişafında Zəngəzur dəhlizinin əhəmiyyəti ilə bağlı sualı cavablandırarkən söyləyib.
“Orta Asiyadan gedən yüklər üçün də yeni yollar olmalıdır. Xəzər üzərindən keçən yol vaxt baxımından çox cəlbedicidir. Eyni zamanda, biz müştərək tarif siyasətini həyata keçirməklə bu yolu iqtisadi cəhətdən daha cəlbedici etməliyik. Hesab edirəm ki, burada da danışıqlar müsbət istiqamətdə gedir. Yəni, təkcə Orta Asiya ölkələrinin yükgöndərmə potensialını və oraya Avropa istiqamətindən gedən yükləri nəzərə alsaq görərik ki, hətta biz bütün bu layihələri icra etsək və genişləndirsək, yenə də çatmayacaq. Ona görə Zəngəzur dəhlizinin iqtisadi səmərəsi heç kimdə şübhə doğurmamalıdır”, - deyə dövlətimizin başçısı vurğulayıb.