Azərbaycan Respublikası Baş nazirinin 1-ci müavini Yaqub Eyyubovun yaxın vaxtlarda vəzifəsindən kənarlaşdırılması gözlənilir.
Bu barədə "Unikal"a məlumatlı mənbələrdən bildirilib.
Qeyd edilir ki, 77 yaşlı Eyyubov hazırda hökumətin “köhnə eşalon”undan qalan tək-tük yüksəkçinlilərdən biridir, üstəlik, o indiki vəzifəsində artıq 20 ildən çoxdur ki, çalışır. “Mövcud məmur eşelonunda belə vəzifəli şəxslər, demək olar, qalmayıb. Birinci vitse-premyerlə yaşıd olan yüksək post sahiblərinin çoxu artıq bir müddətdir ki, təqaüddədir” deyən mənbələrimiz Eyyubovun Azərbaycana səfər edən xarici dövlət və hökumət başçılarının hava limanında qarşılanmasından qeyri funksionallığının da gözə dəymədiyini vurğulayıblar.
Bundan başqa, onun Rusiyanın hakim siyasi çevrələri ilə isti münasibətləri də cəmiyyətdə müzakirə mövzusudur. O, hətta Rusiya rəhbərliyi tərəfindən “Dostluq” ordeninə layiq görülüb və həmin orden Kremldə şəxsən Vladimir Putin tərəfindən Eyyubova təqdim edilib. Lakin I vitse-premyeri Rusiya ilə bağlayan yalnız siyasi tellər deyil, belə ki, onun adıçəkilən ölkədə geniş biznesinin olduğu da məlumdur.
Yaqub Eyyubov həmçinin Avropada da biznes şəbəkəsinə malikdir. Hətta Baş nazirin I müavini şəxsi biznesini okeanın o tayınadək genişləndirə bilib. Belə ki, Eyyubovun Kanadada biznesinin mövcudluğuna dair də iddialar mövcuddur.
Bütün bu iddialar indiyədək təsdiqlənməsə də, təkzib də edilməyib.
O da məlumdur ki, Eyyubovun ölkə xaricindəki biznesi isə onun oğulları tərəfindən idarə olunur.
I vitse-premyerlə bağlı ən ilginc məqamlardan biri də Azərbaycandakı şirkətlərinin xüsusilə hərbi sahədə özəl pay sahibi olması ilə bağlıdır. Məsələ burasındadır ki, Eyyubovu Silahlı Qüvvələrimizlə bağlı tədbirlərdə də görmək olar. Onun həmin tədbirlərdə iştirakı vəzifə səlahiyyəti ilə birbaşa bağlıdır. Lakin sözügedən səlahiyyət Baş nazirin I müavininə ordunun maddi-texniki və hərbi-texniki təchizatına yönəlmiş layihələrdə öz şirkətlərinin üstünlük qazanması üçün də yaxşı fürsət verib. Nəticədə bu şirkətlərin kifayət qədər böyük rəqəmlərlə ifadə olunan satınalmaları qazandığı deyilir.
Bir sözlə, Eyyubovun yalnız yaşı, eyni vəzifədə 20 ildən çox çalışması deyil, eyni zamanda, hökumətdə yüksək post tutmasına baxmayaraq kifayət qədər oliqarxlaşması onun yaxın vaxtlarda vəzifəsindən kənarlaşdırılacağına dair məlumatların reallaşma ehtimalını qüvvətləndirir.
Seymur Əli