Ötən gün Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində Zəngəzur dəhlizi ilə bağlı danışıb. Prezident bildirib ki, Zəngəzur dəhlizi layihəsi bizim üçün təkcə iqtisadi və nəqliyyat layihəsi deyil, strateji bir layihədir. Tam əminik ki, bu layihənin reallaşması bizim təbii hüququmuzdur.
Bu layihənin 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatında da əksini tapdığını qeyd edən dövlət başçısı deyib: “Düzdür, orada “Zəngəzur dəhlizi” sözü yoxdur. Çünki “Zəngəzur dəhlizi” terminini mən ondan sonra, necə deyərlər, geosiyasi leksikona daxil etdim. Ancaq orada açıq-aydın göstərilir ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısı olmalıdır və Ermənistan bunu təmin etməlidir. İndi Ermənistan bundan boyun qaçırmaq istəyir, faktiki olaraq, üzərinə götürdüyü öhdəlikləri iki ildən çoxdur ki, yerinə yetirmir. Ancaq bu, bizi dayandırmayacaq. Yəni bizim üçün bu, strateji layihədir və təkcə bizim üçün yox, bir neçə qonşu ölkə üçün və böyük coğrafiya üçün”.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, deputat Ziyafət Əsgərov "Unikal"a açıqlamasında bildirib ki, 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatda birbaşa göstəriş var ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısı olmalıdır.
Komitə sədri bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan bu bəyanata qol çəkib: "Bundan boyun qaçıra bilməzlər. Dəfələrlə cənab Prezident bildirib ki, Zəngəzur dəhlizi açılacaq. Ötən gün Ermənistanın baş naziri Nikol Paşinyan da mətbuat konfransında bəyan etdi ki, Naxçıvana yol açılacaq. Gördülər ki, bu məsələni uzatmağın mənası yoxdur. Ermənistan tərəfi başa düşür ki, bunun başqa alternativi yoxdur, bu, onların öhdəliyidir. Bu yolun açılmasında Ermənistanın özünün də marağı olmalıdır. Onlar bu yoldan istifadə edəcək və mənfəət götürəcəklər. Ermənsitan əvvəl-axır buna gələməlidir".
Z.Əsgərov qeyd edib ki, Ermənistan bəyanatda göstərilən öhdəliklərin hamısını yerinə yetirəcək və yetirməlidir:
"Bu, Ermənistanın hüquqi vəzifəsidir. Zəngəzur dəhlizi Azərbaycanın inkişafı üçün çox böyük perspektivi olan yoldur. Ötən gün Prezident İlham Əliyev qeyd etdi ki, bu nəinki iqtisadi, siyasi, həm də geostrateji layihədir. O baxımdan ki, Azərbaycanın digər hissələrini də Naxçıvanla birləşdirir, Azərbaycanla Türkiyə arasında birbaşa yol açılır. Bunun çox böyük geostrateji mənası var. Bu yol Azərbaycanda sərnişin və yükdaşımalarının sayını xeyli artıracaq. Zəngəzur dəhlizi Azərbaycanın dövlət büdcəsi üçün xeyli əlavə gəlirlər deməkdir. Ermənsitan bunu uzatmağa çalışsa da, sonda bu ölkənin baş naziri özü də etiraf etdi ki, onlar bu yolun açılmasına hazırdırlar və açılacaq".
Anar Kəlbiyev