Livanda dövlət tərəfindən dondurulmuş hesablarındakı pulları çıxara bilməyən əmanətçilər bəzi özəl bankları yandıraraq daşla hücum ediblər.
"Unikal" xəbər verir ki, paytaxt Beyrutun Badaro rayonunda ən azı 6 bank şöbəsi qarşısında “Əmanətçilərin ağlaması” tərəfindən aksiya təşkil edilib.
Bankların qarşısında od yandıran etirazçılar daş atıb, bəzi filialların şüşələrini sındırıblar. Hadisədən sonra açıqlama verən Beyrut Xilasetmə İdarəsi yanğınların tez bir zamanda söndürüldüyünü bildirib.
2019-cu ilin oktyabrında Livanda başlayan nümayişlər, hökumətin istefası, Beyrutdakı liman partlayışı və Kovid-19 epidemiyası kimi hadisələr ölkə iqtisadiyyatına dərindən təsir edib. Təxminən 3,5 ildir davam edən iqtisadi böhran şəraitində valyuta ehtiyatlarının əriməsinin qarşısını almaq üçün banklardakı dollar depozit hesabları dondurulub.