Bəşər tarixi yaranan gündən hadisələrlə bol olan dünyamız bir çox problemlərlə daim mübarizə aparıb. Təbii ki, problem deyəndə nəyin nəzərdə tutulduğunu da açıqlamalıyam. Fərd olaraq hər bir insan yaşadığı və fəaliyyət göstərdiyi dövrlərdə müxtəlif çür problemlərlə, misal üçün-maddi, mənəvi və s. problemlərlə üzləşir. Müxtəlif üsullarla insanlar bu problemlərin öhdəsindən qismən də olsa gələ bilirlər. Amma, bütöv bir xalqın, millətin üzləşdiyi ümummilli problem tam fərqlidir. Xüsusilə də qloballaşan dünyada belə problemə qarşı çıxmaq, ona müqavimət göstərmək və insanlıq naminə mübarizə apararaq sonda qalıb olmaq, hər insana qismət olmur.
Dünya tarixində çox az liderlər olub ki, onların mövcudluğu, bütöv bir xalqın varlığını qoruyub. Millətin və dövlətin mövcudluğu məhz, belə liderlərin varlığından asılı olub. Belə liderlər xalq tərəfindən seçilir və xalq onun ətrafında vahid bir yumruq kimi birləşir.
İnsan, Əsl insan, Böyük insan, Dahi insan, Dahi şəxsiyyət kimi ifadələr leksikonumuzda tez-tez istifadə olunur. Amma mən bunlarla yanaşı “Hamı üçün bir dünya olan İnsan” ifadəsini işlətməyə daha çox önəm verirəm. Ümummilli lider Heydər Əliyev məhz belə insanlardandır. Onun varlığı xalqımızın və dövlətimizin mövcudluğunu qoruyub. Ulu öndər Heydər Əliyevin özü zəngin bir Dünyadır. Bu dünyanı anlamaq, dərk etmək üçün onun zəngin həyatına baxmaq belə kifayət etməz. Bu dünyaya varmaq, onu anlamaq və dərk etmək düşünürəm ki, hamıya qismət olmur.
"İnsanın yeganə borcu var: Öz Yolu ilə sonuna qədər getmək. Hər şey bundadır və xatırla ki, nə vaxtsa nəsə istəsən, bütün Kainat sənin arzunun həyata keçməsinə kömək edəcək." (Paulo Coelho).
Ulu öndər seçdiyi şərəfli yolunu sona qədər getdi, arzusunun həyata keçməsinə nail oldu. Bu yolda nə qədər çətinliklərlə üzləşsə də, Kainat onun arzusunun həyata keçməsinə kömək etdi. Bu fəlsəfi yanaşma olsa da, həqiqətdir. Ulu öndərin həyat yolu çox rəngarəngdir. Dahi insanların həyatı özünəməxsusluğu ilə digərlərindən fərqlənib.
Azərbaycanın yeni tarixində milli ideologiyanın, milli şüurun formalaşmasının ilkin əsasları məhz Heydər Əliyevin hakimiyyəti dövrünə təsadüf edib. “Milli mənsubiyyət hər bir insan üçün onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” Bu ibrətamiz sözlərlə Heydər Əliyev Azərbaycanda yaşayan həmyerlilərimizlə yanaşı, dünya azərbaycanlılarını vahid ideologiya ətrafında birləşdirməyə, eyni zamanda, milli həmrəyliyə nail olunmasına müvəffəq oldu.
Dünyanın bir çox tanınmış siyasi xadimləri, dövlət başçıları, ictimai-siyasi fəalları olub. Lakin, dünya siyasətinin kamil bilicisi, ensiklopedik bilik və yüksək intellektə malik xadimləri çox az sayda olub. Tanrının bizə bəxş etdiyi nadir keyfiyyətlərə malik olan mütəfəkkiri-Heydər Əliyev, nəinki yerli səviyyədə, həmçinin beynəlxalq aləmdə qibtə edilən, şəriştəli və təcrübəli siyasi xadim kimi qəbul edilib.
Ulu öndər təkcə milli ideologiyanı deyil, ana dilimizin varlığının milli-mənəvi özünüdərk, onun mahiyyətinin vacibliyini daim önə çəkmişdir. “Dil xalqın böyük sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir”. Bu sözlərlə Heydər Əliyev mədəniyyətə, ədəbiyyata, incəsənətə münasibəti ifadə edib. O, çox gözəl bilirdi ki, türk-islam dünyasının, xüsusən də Azərbaycanın bütün fəlsəfi təlimləri əsasən bədii ədəbiyyata bağlı olub və ona görə də azərbaycançılıq fəlsəfəsini formalaşdırarkən bunlara istinad edib.
Ümummilli Lider, müstəqil dövlət ideologiyası ilə yanaşı, həmçinin müstəqil Azərbaycanın sosial-iqtisadi strategiyasını müəyyənləşdirib. O, Azərbaycançılığa əsaslanan milli dövlətin möhkəm təməlini qoyub, xalqda dövlətçilik hissini formalaşdırıb və xalqda dövlətə və dövlət rəhbərinə olan inam hissinin artmasına nail olub.
Heydər Əliyevin Azərbaycançılıq ideologiyasının mahiyyətini təşkil edən əsaslardan biri də milli-mənəvi dəyərlərin, milli ənənələrin qorunub saxlanması və inkişaf etdirilməsi olub. Ulu Öndər bununla bağlı qeyd edirdi: “Milli ideologiyamızın konsepsiyası tarixi keçmişimizi, milli adət-ənənələrimizi, dilimizi, dinimizi və mədəniyyətimizi əks etdirməli, bu dəyərlərin qorunub saxlanılmasına və inkişafına xidmət etməlidir”.
Ulu öndərin Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış xidmətlərindən biri də qranit kimi möhkəm təmələ malik neft strategiyasıdır. Bu strategiyanın əsasını "Əsrin müqaviləsi" təşkil edir. "Azəri-Çıraq-Günəşli" neft və qaz yataqlarının istifadəyə verilməsi, "Bakı-Tbilisi-Ərzurum" qaz kəmərinin reallaşması da Heydər Əliyevin strategiyasının təntənəsidir.
Azərbaycanın suverenliyini bərpa etmək və qorumaq, dövləti dirçəltmək, bütün sahələrdə öncül olmaq üçün Heydər Əliyev əlindən gələni əsirgəmədi. “Hamı üçün bir dünya olan-Heydər Əliyev” taleyini xalqına və dövlətinə bağladı. Ulu öndər deyirdi ki, milli vətənpərvərlik, milli qürur hissi bizim dövlətçiliyimizin yaşaması üçün ən böyük amillərdən biridir.
Ulu öndərin Azərbaycana verdiyi ən böyük töhfəsi isə düzgün siyasi varisinin seçimi oldu. Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi dövründə kifayət qədər uğurlara imza atıldı. Ən böyük uğurumuz isə Qarabağı işğaldan azad etməyimiz və suverenliyimizin bərpa olunması oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycan xalqının başını ucaltdı, onun ədalətli və sülhsevər olduğunu bütün dünyaya bəyan etdi. Tam əminliklə demək olar ki, Heydər Əliyev Azərbaycanın gözəl gələcəyinin təməlini qoydu, İlham Əliyev isə bu təməlin üzərindən müasir Azərbaycanı inşa etdi. Azərbaycan indi nəinki regionda söz sahibidir, eyni zamanda, dünya miqyasında etibarlı siyasi tərəfdaşa çevrilməkdədir.
Türk dünyasının böyük oğlu, bizim üçün bir Dünya olan-Heydər Əliyevin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik. Onun ruhu bu gün şaddır. Ulu öndərin vəsiyyətini Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev yerinə yetirib.
Rövşən Əliyev