Goranboyda 45 yaşlı kişini minaya düşməsinin təfərrüatları məlum olub.
"Unikal"ın məlumatına görə, Kəlbəcər rayon sakini Goranboyun Qaraçinar kəndində yaşayan 45 yaşlı Qalıb Abbasovun mal-qarası Baranbat adlanan meşəlik ərazidə itib.
Qalib Abbasov mal qarasını meşəlik ərazidə axtaran zaman minaya düşüb. Xəsarət alan şəxs əvvəlcə Goranboy rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
Ona xəstəxanada yardım edildikdən sonra Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılıb.
***
15:57
31.05.2025-ci il tarixində saat 13:30 radələrində minaya düşməsi səbəbi ilə 1980-ci il təvəllüdlü (kişi cinsli) şəxs Goranboy Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
TƏBİB-dən "Unikal"a bildirilib ki, ona sol ayaq pəncəsinin travmatik amputasiyası diaqnozu təyin edilib.
Hazırda pasiyentin müalicəsi xəstəxananın Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyəti orta ağır olaraq qiymətləndirilir.
***
15:03
Bu gün Goranboy rayonunun Yenikənd kəndi ərazisində mina hadisəsi baş verib.
"Unikal" xəbər verir ki, Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri birgə məlumat yayıb.
Bildirilib ki, Goranboy rayonunun Qaraçinar kənd sakini, 1980-ci il təvəllüdlü Qalib Kamran oğlu Abbasov keçmiş təmas xəttində minalardan təmizlənməmiş, Goranboy rayonunin Yenikənd kəndi ərazisində mal-qara otararkən minaya düşərək xəsarət alıb. Xəsarət alan şəxsin sol ayağı dizdən aşağı amputasiya edilib.
Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.
ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!
***
14:09
Kəlbəcər sakini Goranboyda minaya düşüb.
"Unikal"ın məlumatına görə, hadisə rayonun Qaraçinar kəndinin yaxınlığında Baranbat meşəsi ərazisində baş verib.
Belə ki, Kəlbəcər rayonun Cəmilli kənd sakini 1980-ci il təvəllüdlü Q.Abbasov mina partlaması nəticəsində xəsarət alıb. 45 yaşlı kişi xəstəxanaya yerləşdirilib.
İlkin məlumata görə, Q.Abbasov meşə ərazisində mal-qara otaran zaman minaya düşüb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov