Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsil Tələbə Krediti Fondu nun təhsil tələbə kreditləri (TTK) üzrə 10 iyun tarixinə olan göstəricilərinə əsasən, indiyədək 70 minə qədər müraciətdən 57 minə yaxını rəsmiləşdirilərək gənclərin təhsilə çıxışı təmin olunub.
"Unikal" xəbər verir ki, bu barədə elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Linkedin hesabında paylaşım edib.
Qeyd edilib ki, həmin kreditlərin 35%-i sosial, 65%-i isə standart TTK üzrədir.
"Qızların ümumi rəsmiləşdirilmiş kreditlər üzrə 62%-lik paya sahib olması, eyni zamanda, sosial həssas qrupların təhsilə əlçatanlığının təmin edilməsi dövlətin təhsildə əhatəlilik prinsipinə sadiqliyini bir daha nümayiş etdirir", - nazir müavini vurğulayıb.
O bildirib ki, Fondun vəsaitləri hesabına təhsil almış və geri ödənişi başlayan məzunların əksəriyyəti rəsmi müqavilə əsasında əmək fəaliyyətinə cəlb olunub:
"Bu gün gənclərin təhsilə əlçatanlığı təmin olunur, işəgötürənlər isə kredit öhdəliyi olan gənclərə layiqli iş yerləri təklif edir və beləliklə, qarşılıqlı fayda doğuran əmək bazarı formalaşır. Sevindirici haldır ki, geri ödənişə başlayan 5 379 məzunun 73%-i rəsmi əmək fəaliyyəti ilə məşğuldur.
Ən çox TTK rəsmiləşdirilmiş ali təhsil müəssisələri üzrə göstərici Azərbaycan Dövlət İqtisad Universitetində 83%, Azərbaycan Texniki Universitetində 82%, Gəncə Dövlət Universitetində isə 59%-dir. Eyni zamanda “Biznesin idarə edilməsi” ixtisası üzrə məzunların 85%-i, “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” üzrə 52%-i, “İqtisadiyyat” ixtisası üzrə isə 75%-i işlə təmin olunub.
Bu rəqəmlər göstərir ki, dövlətin təhsilə dəstəyi ilə formalaşan gənclər əmək bazarına uğurla inteqrasiya olunur. Onu da qeyd edim ki, cari tarixə TTK almış və məzun olmuş ümumi tələbə sayı 9000-ə yaxındır. Geri ödəmə dövrü başlamayan məzunlar isə hazırda ilkin müqavilə şərtlərinə və Qaydaya uyğun olaraq güzəşt, onlardan bəziləri isə möhlət dövründədir".