Oliqarxların Heydər Əsədovun postu uğrunda mübarizəsi
11:49 08-11-2013
İQTİSADİYYAT
Oliqarxların Heydər Əsədovun postu uğrunda mübarizəsi
Hesablama Palatasının yeni rəhbəri kim olacaq?
Heydər Əsədovun kənd təsərrüfatı naziri təyin edilməsindən sonra boşalan Hesablama Palatasının sədri postu hələ də boşdur. Tezliklə həmin posta təyinatın gerçəkləşməsi gözlənilir. Bu barədə məlumatlı mənbələrdən bilgi almışıq.
Həmin mənbələrin deməsinə görə, Hesablama Palatasının sədri, sədr müavini və auditorları Milli Məclisin sədrinin təqdimatı əsasında Milli Məclis tərəfindən təyin olunurlar. Palata üzvləri vəzifəyə təyin edildikdə və ya vəzifədən azad edildikdə namizədliklərinə Milli Məclisin İqtisadi siyasət daimi komissiyası baxır və onların barəsində rəy verir. Milli Məclisin Daxili Nizamnaməsinə uyğun olaraq Hesablama Palatasının üzvləri dövlət idarəçiliyi, dövlət nəzarəti, iqtisadiyyat, maliyyə sahələrində iş təcrübəsinə malik olan ali təhsilli şəxslər olmalıdır. Beləliklə, Hesablama Palatası sədrinin və üzvlərinin seçilməsi və təyin edilməsi qanunvericilikdə Milli Məclisin səlahiyyətlərinə aid edilib.
Bu isə o deməkdir ki, önümüzdəki günlərdə Milli Məclis Hesablama palatasının yeni sədrini seçməli və təsdiqləməlidir.
Xatırladaq ki, Heydər Əsədovdan öncə Hesablama Palatasının 1 rəhbəri olub - Namiq Nəsrullayev.
Xatırladaq ki, bir müddət əvvəl Hesablama Palatasının sədri vəzifəsinə iki məmur əsas namizəd kimi göstərilib. Bunlardan birinin vergilər nazirinin I müavini Natiq Əmirov, digərinin maliyyə nazirinin müavini Azər Bayramov olduğu bildirilib. Amma daha çox Azər Bayramovun bu vəzifəyə şanslı olduğu vurğulanır.
Lakin bizim mənbələrimiz hər iki təyinatın gerçəkləşmə imkanını çox aşağı qiymətləndirir. “Hazırda bəzi nüfuzlu iri məmurlar, oliqarxlar Heydər Əsədovun yerinə gətiriləcək şəxsin ya özlərinə, ya da təmsil olunduqları qruplaşmaya yaxın olmasında maraqlıdırlar. Belə bir şəxsin palatanın rəhbərliyinə gətirilməsinə nail olmaq həmin oliqarxa əsasən də rəqiblərinə qarşı ciddi təsir rıçaqları əldə edə bilmək imkanına malik olmaq demək olacaqdır”.
Odur ki, hazırda bəzi oliqarxların bu istiqamətdə müəyyən təşəbbüslərə cəhd etdikləri vurğulanır. Amma onlardan hansının bu cəhdlərinin uğurlu alınacağını demək çətindir. Mümkündür ki, balans qorumaq adına ümumiyyətlə həmin oliqarxlardan heç biri ilə yaxınlığı olmayan, tamamilə gözlənilməz bir şəxs Heydər Əsədovun keçmiş postunda əyləşsin.
Qeyd edək ki, “Hesablama Palatası haqqında” qanunun 7-ci maddəsində qeyd edilib ki, “Hesablama Palatasının sədrliyinə və sədr müavinliyinə namizədlər Milli Məclisin sədri, baş nazir, maliyyə naziri, baş prokuror, Ali Məhkəmənin sədri, İqtisad Məhkəməsinin sədri və Mərkəzi Bankın sədri ilə birbaşa qohumluq əlaqəsində ola bilməz”.
Bəzi ekspertlərə görə isə, bu maddədə dəyişiklik edilərək Hesablama Palatasının sədrinin və sədr müavinlərinin ümumiyyətlə mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri ilə qohumluq əlaqəsində olmaması bir tələb kimi qoyulmalıdır: Hesablama Palatasının müstəqilliyindən danışarkən burada söhbət hökumətdən, yəni icra hakimiyyətindən müstəqil olmaqdan gedir. Funksional müstəqillik dövlət maliyyəsinin xərclənməsində bütün maraqlı ola biləcək tərəflərdən eyni məsafədə dayanmağı tələb edir. Təşkilati müstəqillik parlamentin nəzarətində müəyyən edilən büdcəsindən və digər təminatlardan (yenə də parlamentə hesabat verməklə) müstəqil istifadəni nəzərdə tutur. Hesablama Palatası Milli Məclis tərəfindən təsdiq edilən büdcə əsasında fəaliyyət göstərir. Qurumun maddi təminatı son illər yaxşılaşsa da, işçi qüvvəsinin sayı və keyfiyyəti baxımından ciddi problemlər yaşanır. Funksional müstəqillik isə həm yerli, həm də açıq büdcə sorğusu kimi beynəlxalq qiymətləndirmələrə əsasən zəifdir.
İstisna olunmur ki, bir çox yerli və xarici ekspertlərin, iqtisadi-maliyyə quruluşlarının bu istiqamətdə təklifləri də nəzərə alınsın və Hesablama Palatasının yeni sədrinin və
müavinlərinin ümumiyyətlə, hər hansı məmurla qohumluq, yaxınlıq əlaqələrinin olmamasına səy göstərilsin. Yeri gəlmişkən, xatırladaq ki, Hesablama Palatasının hələlik son sədri olan Heydər Əsədov nəqliyyat naziri Ziya Məmmədovla yaxın qohumluq (qudalıq) əlaqələrinə malik idi.
Bir sözlə, Hesablama Palatasının yeni sədrinin kimliyinə böyük ehtimalla (ən geci) bu ayın sonunadək aydınlıq gətiriləcək. Hələliksə, həmin posta özünə yaxın şəxsin rəhbər gətirilməsini istəyən və ya buna çalışan iri məmurlar cəhdlərini yəqin ki, davam etdirəcəklər.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53