ATV-in uşaq istismarına sərt reaksiya
ATV-in uşaq istismarına sərt reaksiya

Ramiz Mehdiyevin çıxışından nəticə çıxartmayan telekanal hələdə öz ampulasındadır,pisxoloqlar isə verilişin bağlanmasını tələb edir

Son illər günü-gündən inkişaf etməyin əksinə, geriləyən Azərbaycan televiziyaları sözün həqiqi mənasında ölüm mənbəyinə çevrilib. İstər mənəvi dəyərlərin, istər insanların psixoloji durumunun darmadağın edildiyi televiziya proqramlarının sayı isə günbə-gün artmaqdadır.

Mehriban Əliyevadan
ilk ciddi təpki

İlk dəfə teleməkanda belə bir əxlaqsızlıq dalğası ATV-də yayımlanan “Qəfəs” proqramı ilə başladı. Gənc qızlar və oğlanlar bir villaya salınır və onların görüntüləri, hətta intim yaxınlaşmaları belə tamaşaçılara təqdim edilirdi. Hətta sonradan iştirakçıların biri hamilə qaldı və həmin qadın evindən belə qovuldu. Bunun isə bir səbəbi o idi ki, televiziyalar artıq peşəkarlıqdan sürətlə uzaqlaşırdı və daha tez populyarlaşmaq,daha çox pul qazanmaq xətti tutmuşdular. Bunun üçün isə ən sadə yol məhz əxlaqsızlığın tərənnümü idi. Türkiyəli televiziya mütəxəssisi olan İsmayıl Kayanın dediyi kimi –“Azərbaycan televiziyalarına ailə içində baxmaq istəyirsənsə “pultu” əlindən yerə qoymamalısan”-mühiti yaranmışdı. Amma bu cür əxlaqsızlıq təbliğ edən proqram məhz Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən kəsildi və proqram dərhal efirdən yığışdırıldı. Amma məsələ bununla da həllini tapmadı. Əksinə demək olar ki, bütün telekanallar daha çox şou, yüngüləxlaqlı proqramların açılmasına start verdilər.

Zaur Baxşəliyev
ərli qadını yenidən
ərə verdi

Belə iyrənc bir dalğa isə yenə də ATV və ANS-də başladı. Azərbaycan televiziya tarixinə ləkə gətirməklə ad çıxaran Xoşqədəm Hidayətqızı və Zaur Baxşəliyev teleməkanda gənclərin evləndirilməsi ilə bağlı verlişlərə start verdilər. Gəlin bu proqramların əxlaqsızlıq məqamlarına diqqət yetirək. Aydın oldu ki, toy proqramlarının efirə getməsindən sonra onlarla ailə dağılmış və ailəsini dağıdanlar bu verlişlərə çıxmaqla yeni ailə axtarışlarına başlayıblar. Hətta telejurnalist adına ləkə olan Zaur Baxşəliyevin verlişinə həyat yoldaşı ola-ola bir qadın çıxıb və özünə yeni tərəfmüqabil tapıb. Verlişə marağın artması üçün başqa bir iyrənc addıma da əl atılıb. Belə ki, bir-birini bəyənən cütlüklərə imkan yaradılıb ki, bir neçə gününü bir yerdə keçirtsinlər və bundan sonra evlənmək haqqında qərar çıxartsınlar. Bu isə fahişəliyin demək olar ki, leqallaşması və kütləviləşməsi idi.

“Televiziyalarda
əxlaqsızlıq
psixologiyasının
təbliği aparılır”

Bununla bağlı psixoloq Zahid Tağıyev “Unikal”a bildirdi ki, məhz bu proqramlardan sonra bölgələrdə gənc qızların Bakıya axını sürətlə artdı. Çünki əyalət mühitində nisbətən çətin sosial həyat şəraiti yaşayan insanda psixoloji bir oyanış yarandı ki, Bakıya gedib belə verlişlərə çıxmaqla özünə ər tapıb və bununla da daha rahat həyata keçid edə bilər:-“Fikir verdinizsə son verlişlərdə iştirak edənlərin 90 faizi əyalətdən gələn qızlar və Azərbaycandan kənarda xırda bizneslə məşğul olan kişilər idi. Əslində bu açıq şəkildə əyalət qızlarının psixoloji zəifliyindən istifadə edərək onları əxlaqsızlıq yoluna, daha rahat pul qazanmaq yoluna təhrik idi. Yaranan bu psixoloji travma bu verlişlər bağlansada bu gündə davam edir, hətta bir müddət öncə gördüm ki, azərbaycanlı qızlar Türkiyədə yayımlanan belə proqramlara da gedib çıxa biliblər”. Zahid Tağıyevin fikrincə əslində bu addım televiziya işçilərinin vətəndaşların psixoloji zəifliklərindən istifadə etmələridir və bunun qarşısı ən ciddi üsullarla alınmalıdır. Onun sözlərinə görə bu gün əksər televiziya kanalları sadəcə olaraq əxlaqsızlıq psixologiyasının marifləndirilməsi ilə, seksual pozuntu yaratmaqla məşğuldurlar.

Ramiz Mehdiyevdən
yasaq və...

Bunu da qeyd edək ki, televiziyaların bir-başa fahişəliyin artması, əxlaqsızlığın tüğyan etməsi ilə bağlı verlişlər hazırlamasına sonunda Prezident Admnistrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev müdaxilə etməli oldu.O, geniş bir məqalə ilə çıxış edərək bu halların qarşısının alınmasını tələb etdi və belə halın baş verməsinin səbəblərini açıqladı. R.Mehdiyev televiziya və radio kanallarının fəaliyyətində nöqsan və çatışmazlıqlara diqqət çəkib: “İctimaiyyəti narahat edən və ən çox müzakirə olunan məsələlərdən biri televiziya kanallarında aşağı səviyyəli, keyfiyyətsiz əyləncə və şou-biznes xarakterli verilişlərin çəkisinin artmasıdır. Problemin ekspertlər səviyyəsində müzakirəsi göstərir ki, teleradio qurumlarının biznes maraqları, efir vaxtının mentalitetimizə yad verilişlərlə doldurulması, peşəkar kadrların azlığı və digər məsələlər bu kimi ciddi çatışmazlıqların yaranmasının əsas səbəbləridir. Nəyə görə Azərbaycan efirində belə problemlər yaranmışdır?
Göründüyü kimi, özəl teleradio qurumları bir qayda olaraq biznes fəaliyyəti göstərir və daha çox gəlir əldə etmək məqsədi güdürlər. Halbuki özəl medianın əsas məqsədi reytinqini yüksəltmək, sağlam rəqabət mühitində lider mövqe əldə etmək və fəaliyyətini davam etdirmək üçün maliyyə imkanlarını da gücləndirməkdir. Son illər dünyada kinoindustriya, şou-biznesin güclü inkişafı telekanalların proqram siyasətinə ciddi təsir göstərir. Şou-biznes sahəsində çalışan şəxslər daha tez məşhurlaşırlar. Televiziya kanalları həmin təbəqəni cəlb etmək üçün ciddi rəqabət aparırlar. Bu, aktyor və müğənnilər, şou-biznes nümayəndələrinin də maraqlarına uyğundur, onların imiclərini yüksəltməyə, daha çox reklam olunmağa ehtiyacları var. Deməli, qarşılıqlı maraq şou-biznesin ekranlara ayaq açmasına və daha çox efir vaxtı zəbt etməsinə şərait yaradır”. Məhz akademikin məqaləsindən sonra bir müddət telekanallarda biabırçı proqramlar yoxa çıxdı. Amma...amma bu ötəri xarakter daşıdı.

Xoşqədəm və
Zaur zorakılığı

Yağışdan sonra peyda olan göbələklər kimi qısa müddətdən sonra Xoşqədəm Hidayətqızı və Zaur Baxşəliyev yenidən peyda oldular. Bu dəfə daha dəhşətli və iyrənc formada. Demək olar ki, hər iki aparıcı bu dəfə populyarlaşmaq üçün uşaqlardan bəhrələnməyə başladılar. Amma deyəsən bununda qarşısını almaq üçün nəhayət ki, təşəbbüslə çıxış edənlər tapıldı. Belə ki, Azərbaycan Uşaqlar Birliyi məşhur teleaparıcılar Xoşqədəm Hidayətqızı və Zaur Baxşəliyevlə bağlı imzatoplama kampaniyasına start verib. Toplanan imzalar 4 quruma - Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsman) göndəriləcək. Müraciətdə bildirilir: “Biz – bu müraciəti imzalayanlar son zamanlar Azərbaycan efir məkanında baş verən biabırçılıqlara etiraz edərək Sizə müraciət etmək qərarına gəlmişik. Ölkəmizdə fəaliyyət göstərən bir sıra televiziya kanallarında son dövrlər uşaqların hüquqlarının davamlı olaraq pozulması halları bizi ciddi narahat etməkdədir. Belə ki, “Azad Azərbaycan” (ATV) televiziya kanalında yayımlanan “Səni axtarıram”, “Ümid var” və s. bu kimi verilişlərdə, eləcə də digər televizya kanallarının efirindəki xəbər, kriminal xarakterli proqramlarda uşaqların hüquqlarının pozulması, onlara mənəvi-psixoloji travmaların vurulması kimi hallar adi normaya çevrilib. Biz telekanalların tamaşaçı toplamaq üçün sensasiyalı, həyəcanlandırıcı anlar yaşadan yollardan istifadə etmələrini başa düşürük və bunları onların öz problemləri kimi qiymətləndiririk. Ancaq sensasiya xatirinə uşaqların maraqlarının tapdanması, hüquqlarının pozulması, onlardan manipulyasiya aləti kimi istifadə edilməsinə göz yuma bilmərik”.

“Xoşqədəm Hidayətqızı və Zaur Baxşəliyev
cinayət məsuliyyətinə cəlb olunmalıdır”

Psixoloq Türkan Azad bununla bağlı bildirdi ki, əslində istər Xoşqədəm Hidayətqızı, istərsədə Zaur Baxşəliyev hətta cinayət məsuliyyətinə cəlb olunmalıdır:-“Bilirsiniz Azərbaycan qanunvericiliyinə görə uşaq əməyindən, uşaq heysiyyatından istifadə etmək qanunla qadağa tətbiq edilib və bu cinayət sayılır. Bəs bu gün adı çəkilən aparıcılar nə işlə məşğuldurlar? Valideyinləri arasında problemlər yaranan uşaqları səhnəyə çıxardır,onları psixoloji sarsıntı həddinə çatdırmaqla kütlə qarşısında ağladır və demək olar ki, sinir sistemini açıq şəkildə zədələyirlər. Hətta məhkəmələrdə belə valideyin mübahisələri olan zaman uşaqlardan şahid kimi istifadə halları istisna hallarda olur. Amma bu iki deyərdim ki, qatil aparıcı uşaq psixologiyasını açıq şəkildə zorlamaqla özlərinə reytinq toplayırlar. Bunu da qeyd edim ki, onlar yalnız səhnəyə çıxartdıqları uşaqların psixologiyasına ömürlük zərbə vurmurlar. Həmçinin ekran qarşısında olan azyaşlılarında psixologiyasını darmadağın edirlər. Tutalım, sabah iki valideyn arasında mübahisə yarananda o uşaq anındaca bu verlişləri yadlarına salır və o hissləri artıq şəxsi hissləri kimi yaşamaqla ciddi sinir travması yaşayırlar. Yadınıza salın Səddam Hüseyinin asılma məqamını. Bu səhnəni görən yüzlərlə yeniyetmə dünyanın müxtəlif yerlərində özlərini asdılar. O cümlədən bir yeniyetmədə Azərbaycanda özünü asdı. Çünki uşaq beyni çox safdır və gördüyü ən xoşagəlməz hərəkət onun beyninə hopur, təhtəlşür həddinə çatır və ömürlük bir zədə kimi yaşanır. Bu gündə hər iki aparıcı Azərbaycan uşaqlarını bax bu şəkildə məfv etməkdədirlər”. Bax belə, yəqin ki, əlavə şərhə ehtiyac yoxdur. Çünki Zaur Baxşəliyev, Xoşqədəm Hidayətqızı kimi televiziyadan bixəbərlərin komfort həyat yaşamaq üçün Azərbaycan yeniyetməsinin psixologiyasını zorlamasına biganə qalmaq sadəcə məsuliyyətsizlikdir. Telekanal rəhbərləri isə maddi maraqlarından hələ ki, susur. Görəsən bu dəfə kim bununla bağlı göstəriş verməlidir?
Elvin Rüstəmov