“Xruşşovka”ların sökülməməsində məmur izi
12:51 09-11-2013
İQTİSADİYYAT
“Xruşşovka”ların sökülməməsində məmur izi
Cəmi bir neçə ay əvvəlki qərar niyə geri oxundu?
Düz beş il bundan əvvəl çoxlarını maraqlandıran və narahat edən bir xəbər yayıldı. Məlum oldu ki, Bakıda “xruşşovka” və “stalinka” kimi tanınan bütün yaşayış binaları mərhələlərlə söküləcək.
İlk dəfə bunu Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (DƏDRX) o vaxtki rəisi Arif Qaraşov bildirdi. Sitat: “Hazırda XIX əsrin sonları-XX əsrin əvvəllərində tikilən yaşayış binaları sökülür, əvəzinə isə yeni binalar inşa olunur. Bu binalar nə qədər tarixi əhəmiyyət kəsb etsə də, istismara yararsız sayılır”.
Həmin vaxt qeyd olunurdu ki, paytaxtda “xruşşovka”, “stalinka” və bu kimi digər layihəli yaşayış binaları mərhələlərlə söküləcək: “Sözügedən binalar istismar müddətini başa vurub, lakin istifadəyə yararlıdır. Gələcəkdə həmin binalar mərhələlərlə sökülüb yeni binalar tikiləcək, bütün mənzil sahiblərinə ya kompensasiya ödəniləcək, ya da həmin binada yeni mənzil təqdim olunacaq”.
Bu ilin əvvəllərində “Xruşşovka”ların sökülməsi tam qətiləşdi. “Azərbaycanda 1967-ci ilə qədər tikilən binalarda heç bir antiseysmik tədbirlər görülməyib və zəlzələyə davamlılıq nəzərə alınmayıb” - cəmi bir neçə ay əvvəl bu fikirləri baş nazirin müavini Abid Şərifov jurnalistlərə açıqlamasında demişdi.
Onun sözlərinə görə, hətta Yasamalda tikilən beşmərtəbəli binaların layihəsində belə antiseysmik tədbirlər nəzərdə tutulmayıb: “Amma hazırda Fövqəladə Hallar Nazirliyinin xüsusi qurumu yaradılıb ki, bu qurum seysmikliyə qarşı layihələri ekspertiza edir”.
Dünənsə məlum oldu ki, Bakıda “Xruşşovka” kimi tanınan beşmərtəbəli yaşayış binalarının sökülməsi təxirə salınıb. Bu barədə məlumat verən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanovun sözlərinə görə, bu məsələ Bakının Regional İnkişaf Planında da nəzərdə tutulmur. Sədr müavini əlavə edib ki, bu məsələnin reallaşdırılması hələlik tezdir: “Bu tip binaların sökülməsi üçün Belarusda, Ukraynada xüsusi proqramlar qəbul olunub. Amma bizdə iqlim şəraitinə, əhalinin binalara olan diqqətinə görə “Xruşşovka” binaların vəziyyəti heç də pis deyil və bu binaların ləğvinə hələ ki ehtiyac yoxdur. Bu binaların istismar müddəti yüksəkdir və bizim hesablamalarımıza əsasən, 100 ildir. Amma planlaşma baxımından hansısa investor həmin binaları sökərək yerində yeni yaşayış binası tikməyi təklif edərsə, biz bunu dəstəkləyərik”.
“Xruşşovka”ların sökülməyəcəyinə qərar verilməsi maraq doğurduğundan bunun səbəbləri ilə maraqlandıq. Adının çəkilməsini istəməyən mənbə bunu məmur maraqları ilə izah etdi: “Xruşşovka”ların sökülməsinə dair qərar tikinti biznesində önəmli payı olan bəzi oliqarxların istəkləri ilə üst-üstə düşürdü. Bu cür beş və yeddi mərtəbəli binaları söküb onların yerində daha hündür mərtəbəli binalar, göydələnlər tikmək mümkün idi. Əminəm ki, bir çox iri məmurlar da məhz bunu hədəfləmişdilər. Amma son vaxtlar tikinti sektorunda bir durğunluq olduğu aydın görünür. Məmurların tikinti biznesi sahəsində işləri heç də qaydasında getmir və bu da onları bu sahəyə iri investisiyalar, pullar yatırtmaqdan çəkindirir”.
Həmsöhbətimizin fikrincə, məhz bu məqam da “Xruşşovka”ların sökülməsi barədə qərarın geri alınmasına gətirib çıxarıb: “Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini də açıqlamasında deyir ki, hansısa investor həmin binaları sökərək yerində yeni yaşayış binası tikməyi təklif edərsə, biz bunu dəstəkləyərik. Bu da onu əminliklə deməyə əsas verir ki, məsələ haqqında danışılan binaların sökülməsində deyil. Məsələ burasındadır ki, söküləcək binaların yerində yeni binaları inşa etməkdə maraqlı olanlar yoxdur. Belədə isə “Xruşşovka”ların sökülməsinə start vermək heç bir məntiqə sığmazdı. Bir sözlə, tikinti biznesində durğunluq yaşayan iri məmurların və onların himayəsindəki iş adamlarının böyük pullar yatırmaq niyyətində olmaması “Xruşşovka”ların ömrünün bir az da uzadılmasının başlıca səbəblərindən biridir”.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53