Hesablama Palatası “Aqrolizinq” ASC-də yoxlamalara başladı
11:32 14-03-2014
İQTİSADİYYAT
Hesablama Palatası “Aqrolizinq” ASC-də yoxlamalara başladı
Əli Bayramov istefa ərizəsi yazsa da Heydər Əsədov “yox” deyib; onun həbs təhlükəsi reallaşır
Prezident seçkilərindən sonra hökumətin tərkibində edilən dəyişikliklər özünün müsbət nəticələrini verməkdədir. Hər halda etiraf olunmalıdır ki, son dəyişikliklərdən sonar bir sıra fəaliyyət sahələrində ciddi kadr əvəzlənmələri olub və bu da öz növbəsində müəyyən keyfiyyət dəyişikliyinə səbəb olub. Bununla belə aparılan kadr dəyişikliyinin başa çatdığını iddia etmək də doğru olmazdı.
“Unikal” qəzetinin əldə etdiyi məlumatlara görə yaxın aylarda daha böyük və səs-küylü kadr əvəzlənmələrinin şahidi olacağıq. İlk növbədə isə fəaliyyətində ciddi nöqsanların olduğu məmurların “vurulacağı” gözlənilir. Hətta artıq sözügedən prosesə start verildiyini də iddia edə bilərik. Hədəf seçilən ilk məmur isə “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin sədri Əli Bayramovdur.Etibarlı mənbədən “Unikal”a sızan məlumatlara görə, “Aqrolizinq” ASC-dəki ciddi qanun pozuntuları və böyük həcmli korrupsiya faktları toplanaraq hakimiyyətin üst qatına ötürülüb. Elə bunun da nəticəsində Hesabla Palatasının “Aqrolizinq” ASC-də həmin faktlar üzrə təftişlərə başladığı bildirilir. Toplanmış faktların kifayət qədər ciddi və təkzibolunmaz olduğunu iddia edən mənbəmizin sözlərinə görə, yoxlamaların gəldiyi nəticələrdən asılı olaraq həbslərin aparılacağı da istisna olunmur. Sözügedən yoxlamaların təfərrüatı və alt qatında yatan digər nüanslarla bağlı bir qədər sonra daha ətraflı bəhs edəcəyik. Hələliksə, “Aqrolizinq” ASC-də yoxlamaları zəruri edən korrupsiya faktlarına nəzər yetirək. Qeyd edək ki, “Aqrolizinq” ASC ölkə iqtisadiyyatının əhəmiyyətli hissəsini təşkil edən kənd təsərrüfatının yenidən dirçəldilməsi məqsədilə həyata keçirilən dövlət tədbirlərinin tərkib hissəsi kimi, Azərbaycan Respublikasının Prezidentinin “Aqrar bölmədə lizinqin genişləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” 23 oktyabr 2004-cü il tarixli 468 nömrəli Sərəncamına əsasən yaradılmışdır. Qurumun funksiyalarına alınmış texnikaların və texnoloji avadanlıqların məhsul istehsalçılarına lizinqə verilməsi və ya lizinq yolu ilə satılması ilə yanaşı, həm də kənd təsərrüfatı məhsulları istehsalçılarının maddi-texniki bazasını möhkəmləndirmək, onlara aqrotexniki xidmətlər göstərmək, kənd təsərrüfatı texnikası, texnolojı avadanlıq, ehtiyat hissələri, mineral gübrələr, xəstəlik və ziyanvericilərə qarşı mübarizə preparatları ilə, tinglərlə, yüksək reproduksiyalı buğda toxumu və damazlıq heyvanlarla təmin etmək aiddir. Bütün bu sadalananlar ASC-nin fəaliyyət istiqamətlərini müəyyənləşdirməklə yanaşı qurumun görməli olduğu kompleks tədbirlərdir. Bəs, bütün bunları həyata keçirməli olan “Aqrolizinq” ASC əslində hansı işlərlə məşğuldur?Əldə etdiyimiz informasiyada qeyd olunur ki, “Aqrolizinq” ASC-nin sədri Əli Bayramov tərəfindən həyata keçirilən korrupsiya xarakterli müxtəlif əməliyyatların əslində nə fermerlərin problemlərinin həllinə, nə də ölkənin aqrar sektorunun inkişaf etdirilməsinə xidmət göstərmir. Əksinə, daha çox ASC rəhbərliyinin şəxsi mənafeylərinə xidmətə yönəldilən bu maxinasiyaların icrası istənilən halda dövlət mənafeyləri ilə aşkar şəkildə ziddiyyətlər yaratmaqla, külli-miqdarda büdcə vəsaitlərinin mənimsənilməsi ilə müşayiət olunur. Bu xüsusda aldığımız məlumatlarda bildirilir ki, ASC-nin filial rəhbərləri məhz Ə.Bayramovun göstərişləri əsasında texnikanın fermerlərə lizinqə verilməsi və ya lizinq yolu ilə satılması işində süni əngəllər yaradaraq vəziyyətdən şəxsi maraqların təminatı məqsədilə yararlanırlar. Belə ki, rayonlarda lizinq yolu ilə texnika alan fermerlər texnikanın qiymətləndirilmiş məbləğlərindən əlavə rüşvət vermək məcburiyyətində qalırlar.ASC-nin fəaliyyətində korrupsiya hallarının daha çox yer aldığı istiqamətlərdən biri də ölkəyə gübrə və pestisidlərin gətirilməsidir. Bu xüsusda rəsmi məlumatlarda deyilir ki, “Aqrolizinq” ASC-yə azot gübrəsinin alınması məqsədi ilə dəyəri milyonlarla ölçülən vəsait ayrılır. Lakin bu astronomik məbləğin qarşılığında kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fermerlər gübrə almaq üçün yenə də yerli bazarlara üz tuturlar. Məsələ bundadır
ki, ASC-nin xarici ölkələrdən aldığı gübrə və pestisidlərin yalnız cüzi bir hissəsi istifadəyə yararlı olur. Bu isə məsələnin içində ciddi korrupsiya elementlərinin olmasından xəbər verir.Xatırladaq ki, “Aqrolizinq” ASC-nin əhatəli struktur bölmələri şəbəkəsi mövcuddur. Cəmiyyətin tabeliyində Bakı mərkəzi təchizat bazası, Gəncə, Şirvan, Ucar rayonlararası təchizat bazaları, Sabirabad, Şəki, Şəmkir regional logistik bazaları və Xaçmaz rayonlararası təchizat və logistik bazası fəaliyyət göstərir. 55 rayonda təsərrüfat hesablı Aqroservis filialları və onların 100-dən çox mexanikləşdirilmiş dəstələri var. Lakin cəmiyyətin rayon filiallarının fəaliyyəti də yerli sahibkarlar tərəfindən qeyri-qənaətbəxş kimi qiymətləndirilir. Halbuki dövlət kənd təssərrüfatının inkişaf etdirilməsini özünün prioritet istiqaməti kimi müəyyənləşdirib və “Aqrolizinq” ASC-nin bir nömrəli vəzifəsi də bu siyasətə dəstək olmaqla yerlərdə fermerlərə hərtərəfli şərait yaratmaqdır. Görünən isə odur ki, “Aqrolizinq” ASC-nin rəhbərliyi dövlət siyasətini arxa plana çəkərək, şəxsi qazanclarının qayğısına qalmağı daha üstün tutublar. Görünür, elə bu məqam da Hesablama Palatasının yoxlamasını şərtləndirən amilə çevrilib.“Aqrolizinq”də aparılan yoxlamalarla bağlı da ilginc məlumatlar almışıq. Həmin məlumatlarda sabiq kənd təsərrüfatı naziri, hazırda baş nazirin müavini postunu tutan İsmət Abbasovun “Aqrolizinq” ASC-dəki yoxlamaları durudurmağa cəhdlər göstərsə də bunlar faydasız olub. Məhz kənd təsərrüfatı naziri Heydər Əsədovun israrlarından sonra yoxlamalara qərar verilib. Yoxlamanın məhz Hesablama Palatasına həvalə edilməsi də bəzi mətləblərdən xəbər verir. Məlum olduğu kimi Heydər Əsədov Hesablama Palatasının keçmiş sədri kimi qurum üzərində əhəmiyyətli təsirini qoruyub saxlamağı bacarıb. Palataya rəhbər gətirilən Vüqar Gülməmmədovun məhz onun kadrı olması isə KTN şefinə əlavə üstünlüklər qazandırmaqdadır. Odur ki, Hesablama Palatasının “Aqrolizinq” ASC-də məhz Heydər Əsədovun diqtəsiylə yoxlamalara start verməsinə şübhə yoxdur. Həmin yoxlamalardan “üzüağ” çıxmayacağını yaxşı bilən ASC rəhbəri Əli Bayramov isə iki dəfə istefa ərizəsi yazmasına baxmayaraq Heydər Əsədov hər dəfəsində onun ərizəsini təsdiqləməyib. Bu isə prosesin təkcə Əli Bayramovun vəzifəsindən azad edilməsinə hesablanmadığını və həbslərin ola biləcəyini də gündəmə gətirir.
Orxan Həsənli
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53