Bəzi məmurların otel biznesi ciddi təhlükədə
11:36 14-03-2014
İQTİSADİYYAT
Bəzi məmurların otel biznesi ciddi təhlükədə
Gələn ilki Avropa Olimpiya Oyunları ərəfəsində onları hansı təhlükə gözləyir?
Məlum olduğu kimi, 2015-ci ilin iyununda, Azərbaycanın paytaxtı - Bakıda ilk Olimpiya oyunlarının keçirilməsi planlaşdırılır. Oyunlar Avropanın 49 Milli Olimpiya Komitəsini birləşdirən Beynəlxalq olimpiya təşkilatı tərəfindən keçiriləcək.
İlk Avropa Oyunlarında Avropanın 49 ölkəsindən 7-15 min idmançının iştirak edəcəyi gözlənilir.
Olimpiya oyunlarını izləmək üçünsə həmin müddətdə ölkəmizə on minlərlə xarici vətəndaşın gələcəyi proqnozlaşdırılır.Avropa Oyunlarında 20-yə yaxın idman növündə yarışların keçirilməsi gözlənilir. Oyunların proqramına 28 yay olimpiya idman növündən 15-i, həmçinin 2 qeyri-olimpiya idman növü daxil olacaq. Bu günə qədər beynəlxalq həndbol, voleybol, reqbi, boks, cüdo, biatlon, atçılıq, badminton, taekvando, kamandan oxatma, qılınc oynatma, kanoe, stolüstü tennis və güləş federasiyaları artıq Bakıda keçiriləcək Avropa Oyunlarında iştiraklarını təsdiq ediblər.
Ümumiyyətlə, Avropa Oyunlarının dəqiq proqramı 2014-cü ilin martında məlum olmalıdır. Belədə belə mötəbər yarış çərçivəsində Azərbaycana Avropadan və dünyanın başqa yerlərindən hansı ölçüdə kütləvi qonaq axınının olacağını da təxmini də olsa, müəyyənləşdirmək mümkünləşəcək.
Artıq bu tədbirə hazırlıqla bağlı bir çox tədbirlər həyata keçirilməkdə, sərnişindaşıma nəqliyyatından tutmuş turizm sektorunadək çeşidli sahələrdə xidmət keyfiyyətinin yaxşılaşdırılması, müasir standartlara cavab verməsi üçün addımlar atılmaqdadır.
Bu günlərdə isə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev maraqlı açıqlamalarla çıxış etdi. “Mədəniyyət və Turizm Nazirliyi digər nazirliklərlə, müvafiq dövlət qurumları ilə birlikdə mütəmadi olaraq turizm obyektlərində, hotellərdə monitorinqlər keçirir. Bu monitorinqlər həm hazırlıq, həm də yay dövrlərində aparılır” deyən mədəniyyət və turizm naziri daha sonra əlavə edib ki,Mədəniyyət və Turizm Nazirliyi Fövqəladə Hallar Nazirliyi ilə birlikdə hotellərdə yoxlamalar aparır, hotel sahiblərinə üzə çıxan nöqsanların aradan qaldırılması üçün tövsiyələr verir: “Bizim məqsədimiz hotel sahiblərinə nöqsanların aradan qaldırılması üçün yardım etməkdir. Tövsiyələr nəzərə alınmırsa, o halda başqa ölçülər götürürük. Keçən il 3 hotelin lisenziyası alındı. Hazırda bir neçə hotelin lisenziyası bitib, yoxlama aparırıq. Hotel sahibləri Avropa Olimpiya Oyunları ilə bağlı Bakıya gələcək idmançıların,turistlərin hotellərdə yerləşməsini istəyirlərsə, Avropa Olimpiya Oyunlarına qədər lisenziya almalıdırlar. Lisenziyasız fəaliyyət göstərən hotellər bu imkanlardan istifadə etməyəcəklər”.
Göründüyü kimi, Avropa Olimpiya Oyunları ərəfəsində Bakı və Bakı ətrafındakı çoxsayda otelləri heç də yaxşı aqibət gözləmir. Söhbət lisenziyasız fəaliyyət göstərən belə turizm obyektlərindən gedir ki, onların da əksəriyyətinin arxasında müəyyən məmurların dayandığı sirr deyil.
Etiraf etmək lazımdır ki, yalnız hansısa məmurların himayəsinə güvənən hotellər onların nüfuzu, təsir imkanları sayəsində hər hansı lisenziya olmadan, maneəsiz şəkildə fəaliyyət göstərə bilərlər. Arxalarındakı məmurların gücü, dəstəyi, himayəçiliyi olmadan hansısa otelin istədiyi kimi, qanunlardan kənara çıxaraq lisenziyasız fəaliyyəti Azərbaycan reallığında qeyri-mümkündür.Görünən odur ki, qarşıdakı bir ildə belə hotelləri, onların birbaşa və dolayı sahibi olan məmurları heç də asan günlər gözləmir. Bu cür turizm obyektlərinin qapadılma riski açıq-aşkar göz önündədir.
Qeyd edək ki, Azərbaycanda iqtisadiyyat, sahibkarlıq üzərində məmur inhisarçılığının, nəzarətinin iki formasının olduğu heç kimə sirr deyil. Belə ki, hansısa biznes sahəsi bilavasitə məmurun özü tərəfindən
qurulur və idarəçiliyi yaxınlarına tapşırılır. Yaxud da müəyyən biznes sahələrinə yaşıl işıq yandırılır. Məmur oradan haqqını alır. Fikrimizcə, Azərbaycanda birinci formaya - hansısa gəlirli sahəyə yaxın ətrafının adına kapital qoymaqla, o sahəni götürmək təşəbbüsünə daha çox üstünlük verilir. Nisbətən az gəlirli biznes sahələri ilə bağlı isə ikinci formadan istifadə edilir. Bütövlükdə tütünçülükdən tutmuş balıqçılığa qədər, idxalın istənilən növü məmur nəzarətindədir, bir sözlə, Azərbaycanda məmur kapitalizmi yaranıb.
Artıq məmur kapitalizminin hotel biznesi üzərində də böyük ölçüdə nəzarət imkanlarının mövcud olduğunu nəzərə alsaq, Avropa Olimpiya Oyunları çərçivəsində bir çox vəzifəli şəxslərin xeyli əngəllərlə qarşılaşacağını təxmin etmək də asanlaşır.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13
2024-11-21 11:40:03
2024-11-21 11:36:17
2024-11-21 11:20:05
2024-11-21 10:53:23
2024-11-21 10:43:28
2024-11-21 09:53:21
2024-11-21 09:40:25