Ukraynadan Rusiyaya gözlənilməz ağır zərbə
Ukraynadan Rusiyaya gözlənilməz ağır zərbə

Rəsmi Kiyev MDB-dən çıxacağını açıqladı və Milli Qvardiya yaratdı

Ukrayna Müstəqil Dövlətlər Birliyini tərk etməyə hazırlaşır. Bunu ölkənin xarici işlər naziri Andrey Deşitsa Rusiya radiostansiyalarından birinə açıqlamasında deyib. Onun sözlərinə görə, MDB öz üzvləri arasındakı anlaşılmazlıqları yoluna qoymaq iqtidarında deyil.

Andrey Deşitsa bildirib ki, Ukrayna Krımdakı son hadisələrlə bağlı MDB Xarici İşlər Nazirləri Şurasının iclasının keçirilməsi təşəbbüsü ilə çıxış etsə də, buna nail ola bilməyib: "Bir ölkə qonşusuna qarşı hücuma keçir. MDB-yə sədrlik edən Ukrayna Şuranın iclasının çağırılması üçün İcraiyyə Komitəsinə müraciət edir. Amma heç bir reaksiya yoxdur. O zaman bu təşkilat nəyə lazımdır".
Ukrayna Ali Radasının üzvü, Krım tatarlarının lideri Mustafa Cəmil Krımoğlu ilə Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Tatarıstanın keçmiş prezidenti Mintimer Şaymiyevin vasitəçiliyi ilə baş tutan və yarım saata yaxın davam edən telefon danışığı zamanı qərara alınıb ki, zərurət yaranarsa yenidən əlaqə saxlanılsın.
Mustafa Cəmil Krımoğlu deyib ki, Vladimir Putin Krım məsələsinin 16 mart referendumundan sonra həll olunacağını bildirib. Krım türklərinin lideri Krımdakı referendumun dünya ictimaiyyəti tərəfindən tanınmayacağını Rusiya prezidentinin diqqətinə çatdırıb.
Vladimir Putin telefon söhbətində Krımda Rusiya qoşunlarının mövcudluğunu inkar etməyib. O, Krım tatarları ilə hər hansı gərginliyin yaranmaması üçün göstəriş verdiyini açıqlayıb. Mustafa Cəmil Krımoğlunun sözlərinə görə, Vladimir Putin ondan xahiş edib ki, Krım tatarları münaqişəyə qarışmasınlar.

Ukraynada Milli
Qvardiya yaradıldı

Ukrayna parlamenti Milli Qvardiyanın yaradılması haqda bəyanat verib. Ali Radada müvafiq qanun layihəsinə 262 deputat səs verib.
Milli Qvardiya daxili qoşunların funksiyasını yerinə yetirəcək. Yeni hərbi struktura Maydan fəalları daxil olacaq.
Milli Qvardiya həmçinin terrorçuluqla mübarizə və sərhədlərin mühafizə funksiyalarını yetirəcək.

Makkeynin başçılığı ilə
8 amerikalı senator
Ukraynaya dəstək üçün Kiyevə gedir

Nüfuzlu respublikaçı senator Con Makkeynin başçılığı ilə 8 senatordan ibarət ABŞ nümayəndə heyəti Ukraynaya səfər edəcək.
UNİAN agentliyinin verdiyi məlumata görə, səfərdə məqsəd Rusiya ilə münaqişədə Ukraynaya dəstək nümayiş etdirməkdir. Nümayəndə heyətində 5 respublikaçı və 3 demokrat senator var. Onlar bu axşam Vaşinqtondan Kiyevə uçacaqlar.
Qeyd edək ki, C. Makkeyn Rusiyanın imperialist siyasətinin ən sərt tənqidçisi kimi tanınır. O, Maydan hərəkatı zamanı da Kiyevə səfər etmişdi.
Gerhard Şröder: “Rusiya özünün super güc statusunu itirib, lakin hələ də istəyir ki, ona bu cür yanaşsınlar” -
“Ukraynada baş verən hadisələr bölgədə sabitliyə ciddi təhlükədir”. Bu sözləri Azərbaycan-Almaniya Xarici Ticarət Palatası tərəfindən Bakıda təşkil olunan mühazirədə çıxışında Almaniyanın keçmiş federal kansleri Gerhard Şröder deyib.
O bildirib ki, Krımda yaranmış vəziyyət narahatlıq doğurur: “Hadisələrin daha da gərginləşməsinin qarşısını almaq lazımdır, bu, Rusiya və Ukraynanın marağındadır”.
G. Şröderin fikrincə, Ukraynadakı böhran və iqtisadi kollaps təkcə Avropaya yox, qlobal miqyasda neqativ təsirə malik olacaq: “Ukraynanın ərazi bütövlüyü çərçivəsində həll yolu tapmaq vacibdir, o cümlədən bu ölkədə yaşayan milli azlıqların – həm rusların, həm də Krım tatarlarının hüquqlarının müdafiəsi zəruridir”.
Sabiq hökumət başçısının fikrincə, beynəlxalq qurumların boykot edilməsi yanlış yoldur, çünki bu, böhranı daha da dərinləşdirə bilər. O qeyd edib ki, Ukrayna bir tərəfdaş kimi həm siyasi, həm də iqtisadi cəhətdən Rusiyaya və Avropa Birliyinə lazımdır, böhrandan çıxış yolu iki tərəfin də qatılacağı dialoqun aparılmasıdır: “Rusiya özünün super derjava statusunu itirib, lakin hələ də istəyir ki, ona bu cür yanaşsınlar”.

Ukrayna Ali Radası
BMT-dən Krımdakı
vəziyyətə təcili
müdaxilə etməsini istədi

Ukrayna Ali Radası Krımda yaranmış problemin həlli üçün Birləşmiş Millətlər Təşkilatına müraciət edib. “korrespondent.net” saytının verdiyi məlumata görə, 250 deputatın səs verdiyi müraciətdə bildirilir ki, Ukrayna BMT-nin təsisçilərindən biri kimi, BMT Nizamnaməsinin I maddəsinin 1-ci bəndi, II maddəsinin 3-cü və 4-cü bəndinə əsaslanaraq və XI maddəsinin 2-ci bəndinə uyğun olaraq təşkilatı Rusiya Federasiyası tərəfindən beynəlxalq hüququn təməl prinsiplərinin kobudcasına pozulması nəticəsində Krım Muxtar Respublikasında yaranmış vəziyyətə təcili şəkildə baxmağa çağırır.
Sənəddə deyilir ki, BMT Nizamnaməsinin 51-ci maddəsində tanınan özünümüdafiə hüququna uyğun olaraq Ukrayna lazım gələrsə istənilən dövlətə və regional kollektiv təhlükəsizlik sisteminə öz ərazi bütövlüyünü təmin etmək məqsədilə hərbi kömək üçün müraciət etmək hüququnu özündə saxlayır.
Ali Rada Ukraynanın avrointeqrasiya kursunun rəsmən bərpa olunması haqqında da qərar qəbul edib. Qərarın lehinə 252 deputat səs verib. “Ukraynanın avrointeqrasiya kursu bərpa olundu, bu münasibətlə Ukrayna xalqını təbrik edirəm”, - deyə Ali Radanın sədri, prezident səlahiyyətlərinin icraçısı Aleksandr Turçinov bildirib.

Obama: “Rusiya
beynəlxalq
hüququ pozur”

ABŞ prezidenti Barak Obama Rusiyanı beynəlxalq hüququ pozmaqda ittiham edib.
“Gazeta.ru”-nun verdiyi xəbərə görə, bunu Obama Ukraynanın baş naziri Arseni Yatsenyukla görüşü zamanı bəyan edib.
Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini bildirən Obama, eyni zamanda, Rusiya prezidenti Vladimir Putini yeritdiyi kursu dəyişməyə çağırıb.
Öz növbəsində, Yatsenyuk Ukrayna hakimiyyətinin Rusiya ilə dialoqa hazır olduğunu vurğulayıb. O qeyd edib ki, hər şey Rusiyanın danışıqlara başlamağa hazır olmasından asılıdır. "Biz heç vaxt təslim olmayacağıq", - deyə Yatsenyuk bildirib.

Naməlum silahlılar
Kiyevdə
"Ukrbiznesbank"ı
ələ keçirdi

Dünən gecə 20 nəfərə qədər naməlum silahlı Kiyevin mərkəzində yerləşən “Ukrbiznesbanka” basqın edib. UNİAN agentliyinin verdiyi məlumata görə, hadisə yerinə milis qüvvələri və “Titan” xüsusi təyinatlıları cəlb edilib.
Güc strukturlarının nümayəndələri ətraf yolları bağlasalar da, hələ ki heç bir tədbir görmürlər.
Maydan özünümüdafiəsi və “Sağ sektor” hadisədə iştiraklarını inkar ediblər. Daxili işlər naziri Avakov və Təhlükəsizlik xidmətinin başçısı Nalivayçenko zənglərə cavab vermirlər.
Qeyd edilir ki, 2003-cü ildən etibarən “Ukrbiznesbank”-ın idarə heyətinin sədri, prezidenti və daha sonra müşaviri postunu sabiq baş nazirin müavini Sergey Arbuzov tutub.
Son məlumatlara görə, danışıqlar nəticəsində silahlılar təslim olaraq bankın binasını tərk etməyə başlayıblar. Ukraynanın daxili işlər nazirliyi hadisə ilə əlaqədar hələ ki açıqlama vermir.

Rusiya ABŞ və Avropa Birliyinə qarşı sanksiyalar tətbiq edə bilər

Rusiya ABŞ və Avropa Birliyinə qarşı sanksiyalar tətbiq edə bilər. Bunu Rusiya iqtisadi inkişaf nazirinin müavini Aleksey Lixaçov bəyan edib.
O qeyd edib ki, Moskva bu addımı Qərbin sanksiyalarına cavab olaraq ata bilər. “Bununla belə ümid edirik ki, Qərb iqtisadi-ticarət əlaqələrinə toxunmadan siyasi sanksiyalarla kifayətlənəcək. Biz hadisələrin istənilən inkişaf variantına hazırıq. Sanksiyalarımız simmetrik olacaq”, - deyə o vurğulayıb.

İkinci Kosovo, yoxsa ikinci Dnestryanı?

Krımın gələcək statusunu müəyyənləşdirəcək referenduma isə bir neçə gün qalıb. Qarşı tərəflər – Rusiya və Ukraynanın yeni hakimiyyəti isə yarımada əhalisinin təxminən 16 faizini təşkil edən Krım tatarlarını öz tərəfinə çəkmək istəyir.
Srağagün Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Komitəsinin baş katibi Andrey Parubi keçirdiyi mətbuat konfransında Krımda güc tətbiqi barədə qərarı Krım tatarları ilə birlikdə qəbul edəcəyini söylədi. “Krımda güc tətbiqi haqqında qərar kollektiv orqan kimi Milli Təhlükəsizlik və Müdafiə Komitəsi tərəfindən qəbul ediləcək. Biz rəsmi iclaslardan başqa, hər axşam operativ qərarların qəbulu üçün yığışırıq. İclasların bəzilərinə Krım tatarlarının nümayəndələrini dəvət edirik. Qərarları Krım tatarlarının nümayəndələri ilə birgə qəbul edəcəyik”, - Parubi deyib.
Kiyev həmçinin, Krım tatarlarının dogma torpaqlarına qayıtması üçün də əlindən gələnini edəcəyi mesajları verir.
Srağagün Krım Tatar Məclisinin keçmiş sədri Mustafa Cəmiloğlu Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya gedib. Krım tatarlarının lideri Putinlə üzbəüz görüşə bilməyib, halbuki belə bir görüşün olacağı barədə informasiya yayılmşdı. “Nezavisimaya gazeta”ya Krım Tatar Məclisindəki mənbə bildirib ki, Putinlə telefonda söhbət edən M.Cəmiloğlu Rusiya prezidentindən silahlı qüvvələri və hərbi texnikanı Krımdan çıxarmağı xahiş edib.
Krım tatarları referendumu boykot etmək niyyətindədir. Bu barədə bəyanatı isə bir neçə gün bundan əvvəl Krım Tatar Məslisinin sədri Refat Çubarov verib. Krımdakı yeni hakimiyyət isə tatarlarıyla ümumi dil tapmağa çalışır. Krımın və Sevastopolun dövlət müstəqilliyi haqqında bəyannamənin qəbulundan sonra Krım parlamenti “Krım tatarlarının Krım cəmiyyətinə inteqrasiyası və hüquqlarının bərpasına zəmanət haqqında” qətnamə qəbul edib. Sənədə uyğun olaraq, Sergey Aksyonovun hökumətindəki yerlərin 20 faizi Krım tatarlarına təklif edilib və tatar dilinə rəsmi dil statusunun verilməsinə söz verilib.
Krım tatarlarının özləri isə onların bu qədər “sevilməsi”nin arxasında müəyyən maraqların olmasını başa düşür. R.Çubarov istehza ilə qeyd edib ki, hamı birdən-birə Krım tatarlarını sevməyə və Krımdakı vəziyyətə təsir edən amilə çevirdilər. “Hansısa planları hazırlayanda heç kim bizdən heç nə soruşmurdu. Bura bizim torpağımızdır. Biz referendumu boykot edəcəyik. Hərçənd bilirik ki, onun nəticəsi əvvəlcədən müəyyən edilib”, - Krım Tatar Məclisinin sədri söyləyib.
Yaxın Şərq Tədqiqatları Mərkəzinin direktoru İqor Seivolos isə “Bütün bunları Krım tatarlarına həmin insanlar təklif edir ki, onlar 20 il ərzində buna qarşı çıxırdılar” deyərək Krım tatarlarının proseslərə təsirinin artdığına diqqət çəkib.
Ankara isə Krımın Ukraynanın ayrılmaz hissəsi olması barədə bəyanat verib. Rusiya prezidenti ilə telefon söhbətində Türkiyə baş naziri Rəcəb Tayip Ərdoğan Krım tatarlarının hüquqlarının ruslarla bərabər səviyyədə qorunmasının vacibliyini vurğulayıb. Eyni zamanda xarici işlər naziri Əhməd Davudoğlu Krım tatarlarının təhlükəyə məruz qalacağı halda onların yardımına gələcək birinci ölkənin Türkiyə olacağını bildirib.
Krım Tatar Məclisi Krım tatarlarını provokasiyaya təslim olmamağa çağırıb. “Nezavisimaya qazeta” qeyd edir ki, M.Cəmiloğlu Krımda cihada hazır musəlman qrupları olduğunu və onlara nəzarət etməyin mümkün olmadığını deyib. Xatırladaq ki, Rusiya mediası da keçən ilin yayında Krımda "Hizbut Tahrir əl-İslami" terror təşkilatının gücləndiyini, təşkilatın nümayəndələrinin Simferopolda bir neçə böyük mitinq keçirdiyini yazmışdı.
Krım məsələləri üzrə ekspert Andrey Demartino “Nezavisimaya qazeta”ya açıqlamasında bildirib ki, Krım tatarları yarımadadakı sabitlik mövzusunda hazırda “qızıl səhmlər”ə sahib olublar. Onun fikirncə, muxtariyyətinin
Kosova, yaxud da ikinci Dnestryanı olması 300 minlik Krım tatarının mövqeyindən əhəmiyyətli dərəcədə asılı olacaq.
Kənan Rzaquliyev