"AST Telman"a bir gündə iki böyük şok
10:59 03-11-2015
CƏMİYYƏT
Telman İsmayılovun 1,4 milyard dollarlıq oteli cəmi 128 milyon dollara satıldı
"AST Telman" kimi tanınan tanınmış azərbaycanlı milyarder Telman İsmayılovun Antalyadakı dəbdəbəli "Mardan Palace" oteli az əvvəl hərracda satılıb və otelin yeni sahibi iş adamına kredit verən Türkiyənin "Halk Bank"ı olub.
Qardaş ölkənin "Hürriyet" qəzeti xəbər verir ki, Antalya İcra dairəsi "Garanti bank"ın iddiası əsasında həbs qoyulan və satışa çıxarılan "Mardan Palace" oteli üzrə dünən hərrac keçirib.
719 milyon türk lirəsindən (TL) satışa çıxarılan otel cəmi 360 milyon TL-yə satılıb. Bu, təxminən 128 milyon dollar deməkdir.
"Garanti Bank"ın Telman İsmayılovdan 207 milyon TL borcunu tələb edirdi və borc ödənilmədiyinə görə otelə həbs qoyulmasını və məcburi satışını tələb etmişdi.
Lakin hərracda otelə müştəri tapılmayıb və tək müştəri olan "Halk Bank" 7 ulduzlu dəbdəbəli oteli dəyərindən 10 dəfə aşağı qiymətə alıb. Satışdan əldə edilən vəsaitin 207 milyon TL-i "Garanti bank"a ödəniləcək.
Həmçinin T.İsmayılovun "Halk bank"a da borcu olduğundan bu bank qalan vəsaiti ödəməyəcək və onu borca siləcək.
"Mardan Palace" oteli 2009-cu ilin mayında açılmışdı və Telman İsmayılovun atasının adını daşıyan bu dəbdəbəli otel 1.4 milyard dollar başa gəlmişdi.
Bu arada Moskva Arbitraj Məhkəməsi Azərbaycan əsilli oliqarx (onu artıq keçmiş milyarder də adlandırmaq olar) Telman İsmayılovun müflis elan edilməsinə dair kreditorlar tərəfindən qaldırılmış iddianı baxılmaq üçün qəbul edib və prosesin vaxtını açıqlayıb. Bu haqda məhkəmənin saytında yerləşdirilmiş məlumatda deyilir.
Məlumatda bildirilir ki, məhkəmə prosesində həmçinin "vətəndaş İsmayılovun borclarının restrukturizasiyasının başladılması" məsələsinə də baxılacaq.
Xəbər verildiyi kimi, Telman İsmayılovun fərdi şəxs olaraq müflis elan edilməsi barədə iddianı "Bank Moskva" (VTB qrupuna daxildir) qaldırıb. Biznesmen bankdan götürdüyü 213 milyon dollar krediti qaytara bilmir.
Arbitraj Məhkəməsi oktyabrın 6-da bu vəsaitin T.İsmayılova məxsus "KBF AST" şirkətindən tutulmasına dair qərar çıxarıb.
Digər çoxsaylı kreditorlar da T.İsmayılovdan borclarını tələb edir. Bunların arasında ən sərt metodlar tətbiq edəni oliqarx Sergey Yançukovdur.
T.İsmayılov S.Yançukovun "Maqnazeya" şirkətlər qrupuna daxil olan "Sezaria LTD" şirkətindən 2010-cu ildə 100 milyon dollar borc alıb, bu borc şişərək faizləri ilə birlikdə 140 milyon dollara çatıb.
S.Yançukovun iddiası əsasında T.İsmayılovun çoxsaylı biznes aktivlərinə, o cümlədən "Mardan Palace" otelinə həbs qoyulub. Nəticədə azərbaycanlı oliqarx aktivlərini satıb borclarını ödəyə bilmir. Hazırda T.İsmayılovun borcları 600 milyon dollara yaxındır. "Forbes" bir neçə il əvvəl hesablamışdı ki, onun sərvətinin həcmi də elə təxminən bu qədərdir.
Bir sözlə, artıq "AST Telman"ın nəhəng biznes səltənəti faktiki olaraq çöküb, indi onu tamamilə "eks oliqarx" adlandırmaq olar.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-11-27 22:46:39
2024-11-27 22:32:06
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18