DİN-də əməliyyat müşavirəsi keçirildi
11:24 13-01-2016
CƏMİYYƏT
Hesabat dinlənildi, nazir Ramil Usubov tapşırıqlar verdi
Əlahiddə Çevik Polis Alayında 2015-ci il ərzində görülmüş işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.
"Unikal" Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov iştirak edib. Əməliyyat müşavirəsini açan nazir Ramil Usubov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü daxili və xarici siyasət nəticəsində ötən ilin bütövlükdə ölkəmiz üçün uğurlu olduğunu, beynəlxalq imicinin daha da yüksəldiyini, insan hüquq və azadlıqlarının etibarlı qorunduğunu, bunun daxili işlər orqanlarının fəaliyyətinə də müsbət təsir göstərdiyini diqqətə çatdırıb.
O, Daxili İşlər Nazirliyi tərəfindən ölkənin qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman, sərəncam və tapşırıqları rəhbər tutularaq, cinayətkarlığa qarşı mübarizə, ictimai təhlükəsizliyin təmin olunması, insan hüquq və azadlıqlarının qorunması sahəsində kompleks tədbirlərin davam etdirildiyini, kriminogen durumun bütövlükdə nəzarətdə saxlanıldığını, planlaşdırılan məsələlərin yerinə yetirildiyini, əvvəlki illərin müsbət nəticələrinin qorunub saxlanıldığını və fəaliyyətin bir çox istiqamətləri üzrə inkişaf etdirildiyini xatırladıb.
Nazir cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində son illər Əlahiddə Çevik Polis Alayının peşəkarlıq, mənəvi-psixoloji və fiziki hazırlıq səviyyəsinin xeyli artdığını, qanunla qarşıya qoyulmuş vəzifələri layiqincə yerinə yetirməyə qadir olan mobil quruma çevrildiyini, respublikamızda, onun paytaxtında ictimai qayda və təhlükəsizliyin, əmin-amanlığın, sabitliyin nümunəvi təminində önəmli rol oynadığını, bunun nəticəsi olaraq, keçirilmiş bir çox beynəlxalq və ölkədaxili tədbirlər zamanı ictimai asayişin yüksək səviyyədə qorunduğunu, görülən işlərdə, qazanılan uğurlarda Əlahiddə Çevik Polis Alayının da böyük əməyi olduğunu qeyd edib.
O da bildirilib ki, mühüm funksiyaları həyata keçirməsi, xidməti fəaliyyətinin respublikanın bütün ərazisini əhatə etməsi nəzərə alınaraq Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 30 dekabr tarixdə imzaladığı fərman və sərəncamla Alay əlahiddə nizami polis hissəsi statusunda müəyyən olunub, DİN rəhbərliyi tərəfindən sözügedən qurumun yeni Əsasnaməsi təsdiq edilib.
Qeyd olunub ki, ümumən xalqa xidmət funksiyalarının səmərəli yerinə yetirilməsi, insan hüquq və azadlıqlarına ciddi riayət olunması, əməkdaşlara diqqət və qayğı gösstərilməsi, peşə və döyüş hazırlığı səviyyəsssinin durmadan yüksəldilməsi kimi qarşıda duran vəzifələrin uğurlu həlli üçün lazımi tədbirlər görülməkdədir.
Müşavirəyə yekun vuran daxili işlər naziri Ramil Usubov şəxsi heyətin ötən hesabat ilindəki fəaliyyətinın yekunlarını müsbət qiymətləndirib, tapşırıq və tövsiyələrini verib, qarşıda duran vəzifələrdən, onların həlli yollarından danışıb.
General-polkovnik Ramil Usubov Alay rəhbərliyindən əməkdaşların xidməti, döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi işini ən vacib vəzifələrdən biri olaraq həyata keçirilməsini, xidmətqabağı təlimatlandırmalarda əməkdaşların zahiri görünüşünə, geyim formasını daşıma qaydalarına riayət etmələrinə diqqət yetirilməsini, yeni informasiya texnologiyalarının tətbiqi ilə bağlı təşəbbüskarlıq göstərilməsini, eyni zamanda, cinayət və hadisələrin dinamikasının mütəmadi izlənilməsini, lazımi təhlillər aparılmaqla qüvvə və vasitələrin yerləşdirilməsi planına korrektələr edilməsini tələb edib. O bildirib ki, Bakı şəhərində ictimai yerlərdə baş verən cinayətlərin profilaktikası diqqət mərkəzində olmalı, ictimai təhlükəsizlik əleyhinə olan digər cinayətlərin qarşısının alınması üzrə tədbirlər daha da gücləndirilməli, insanların daha çox toplaşdığı və digər izdihamlı yerlərdə xidmət aparan post-patrul naryadları daim ayıq-sayıq olmalı, şəxsi heyətin peşə hazırlığı daha da artırılmalıdır. Qeyd olunub ki, əməkdaşlar qanunla müəyyənləşdirilmiş vəzifə, funksiya və hüquqlarını dərindən bilməli, eyni zamanda, vətəndaşlarla ünsiyyətdə etik normalara, qanunçuluğa, insan hüquq və azadlıqlarına ciddi riayət edilməlidir.
Daxili işlər naziri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi əmin edib ki, Əlahiddə Çevik Polis Alayının əməkdaşları ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmini, cinayətlərin və digər hüquqpozmaların qarşısının alınması üzrə vəzifələri, qarşıya qoyulan bütün tapşırıqları bundan sonra da əzmlə yerinə yetirəcək, göstərilən etimadı sədaqətli xidməti ilə doğruldacaqlar.
Tədbirin sonunda Nazirliyin Baş Kadrlar İdarəsinin rəis müavini, polis polovniki Səfər Əliyev ötən il xidməti vəzifələrin icrasında fərqlənmiş bir qrup əməkdaşın mükafatlandırılması barədə daxili işlər nazirinin müvafiq əmrini elan edib.
Nazir R.Usubov tərəfindən mükafatlar təltif edilənlərə təqdim olunub.
Digər Xəbərlər
2024-11-27 08:50:28
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54