Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Unikal.org xəbər verir ki, aparıcı cüdoçularımızdan Rüstəm Orucov yenə öz çəkisinin ən güclüsüdür. 73 kq çəki dərəcəsində lider olan Olimpiya mükafatçımız 3130 reytinq xalına malikdir. O, ikinci yerdə qərarlaşan yaponiyalı Soiçi Haşimotonu 199 xal qabaqlayır.
Orucovdan başqa, Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66 kq) və Elmar Qasımov (100 kq) da ilk "onluq"dakı yerini qoruyublar. Cüdoçularımız müvafiq olaraq, 2-ci, 7-ci və 2-cidi.
Onlar kimi, İlqar Müşkiyev (60 kq), Hidayət Heydərov (73 kq), Məmmədəli Mehdiyevin (90 kq), Elxan Məmmədov (100 kq) və Uşanqi Kokaurinin (+100 kq) də mövqeyi dəyişməyib. Təmsilçilərimiz yenə müvafiq olaraq, 18-ci, 33-cü, 22-ci, 12-ci və 21-ci yerdə qərarlaşıb.
Yığmamızın üzvlərindən Tərlan Kərimov (66 kq) 1 pillə geriləməklə, 53-cü yerə enib. Aişə Qurbanlı (48 kq) isə hazırda 49-cudu. O, 4 pillə geriləyib.
Qeyd edək ki, Bakıda keçiriləcək "Böyük Dəbilqə" martın 10-12-də olacaq.