Sabah Rusiyanın Rostov şəhərində Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində yerli "Rostov klubu İngiltərənin məşhur "Mançester Yunayted klubunu qəbul edəcək.

Unikal.org xəbər verir ki, bu oyunun biletləri uzun müddətdir ki, satılıb qurtarıb. Hazırda onları yalnız "qara bazarda əldə etmək mümkündür. Qiymətlər isə fantastik həddə çatıb.

Belə ki, avito.ru alqı-satqı saytında yerləşdirilmiş bir elanda "Rostov-MU oyununun bir bileti 1 milyon rubla (təxminən 17 min dollara) satışa çıxarılıb. Həmin saytda stadionun tribunalarının o qədər də yaxşı sayılmayan sektoruna biletin qiyməti 20 min rubldur (340 dollar). Bu, hazırda mövcud olan ən ucuz qiymətdir.

Maraqlıdır ki, 17 min dollardan qat-qat aşağı xərc çəkməklə cavab oyununu canlı izləmək üçün Mançesterə təyyarə ilə 1 həftəlik səfər etmək mümkündür.

Matç sabah Bakı vaxtı ilə saat 22:00-da başlayacaq və televiziya ilə canlı yayımlanacaq.