Sakarya vilayətində FETÖ üzvü olmaqda günahlandırılan keçmiş futbolçu və sabiq millət vəkili Hakan Şükürün atası Selmet Şükür məhkəmədə varidatı ilə bağlı ifadə verib.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, şərti cəza verilən Selmet Şükürün məhkəməsinə vəkilləri və yaxınları qatılıb.
O barəsindəki ittihamları qəbul etməyib və FETÖ üzvü olmadığını dilə gətirib:
“Necə belə bir işin içinə düşdüm, gecə-gündüz düşünürəm. Mən öz gücümə bir bina tikdim. Bu işi mənə Hakan Şükür gördürməyib. “İnelsan” şirkəti ilə heç bir iş görməmişəm, heç kimi tanımıram. Sadəcə bir bina inşaa etdirdim. İkincini binanın tikintisinə yeni başlamışdım, istintaq səbəbiylə bitirə bilmədim.
Hakan Şükürün meneceri olmuşam, bir çox transferlər reallaşdımışam, 50 il dükan işlətmişəm, gəlir yerim bundan ibarətdir.
Mənə göndərildiyi deyilən pulun mənbəyinə gəldikdə isə, qardaşım ev tikmişdi. Hakan da həmin vaxt ev alırdı və pulunu mənə göndərmişdi. Pulu verərək həmin evi Hakanın adına aldım. Həmin pul bu daşınmaz əmlaka aiddir.
FETÖ-dan heç kimi tanımıram. İttihamları qəbul etmirəm, günahkar deyiləm, mən bəraətimi tələb edirəm”.
Məhkəmə qarşısında çıxış edən Hakan Şükürün atasının vəkilləri ittihamları qəbul etmədiklərini bildirib, onun varidatı ilə bağlı cəzanın ləğvini tələb edib.
Yekunda məhkəmə Selmet Şükürün xaricə giriş-çıxışı ilə bağlı məlumatın pasport idarəsindən istənilməsini tələb edib və varidatı üzərindəki cəzanın ləğvi barədə tələbi rədd edib.
Növbəti məhkəmə aprelin 16-da baş tutacaq.