Bu gün Gənclər və idman naziri Azad Rəhimov Şirvan Gənclər evində Şirvan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan şəhər və rayon sakinlərini qəbul edib.
GİN-dən Unikal.org-a verilən məlumata görə, ümumilikdə 20-dən çox sakinin iştirak etdiyi qəbulda müraciətlər əsasən gənclər, idman, tikinti sahələri və məşğulluqla bağlı olub.
Böyük hissəsi idman sahəsi ilə bağlı olan müraciətlər sırasına fəxri adların verilməsi, idman mərkəzlərinin idman avadanlıqları ilə təmin olunması, təmirə ehtiyacı olan idman obyektlərinin bərpası, Olimpiya İdman Komplesklərinin, idman qurğularının tikintisi və təmiri, idmançıların beynəlxalq yarışlarda iştirakı və s daxil olub.
Gənclər sahəsində edilən müraciətlər sırasına isə Qeyri Hökumət Gənclər Təşkilatlarının yaradılması, layihələrin maliyyələşdirilməsi, gənclərin beynəlxalq tədbirlərdə iştirakı, yay-qış istirahət düşərgələrinin sayının artırılması, Gənclər Mərkəzlərinin müvafiq avadanlıqlarla təmin edilməsi və fəaliyyəti istiqamətində olub.
Bir sıra müraciətlər yerindəcə həllini tapıb. Araşdırılması tələb edilən məsələlər isə aidiyyatı qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.