Azərbaycan Milli Olimpiya Komitəsinin baş katibinin müavini, Azərbaycan Ağır Atletika Federasiyasının vitse prezidenti Azər Əliyev pauerliftinq üzrə paralimpiya yığma komandasının üzvləri ilə görüşüb.

Unikal.org xəbər verir ki, görüş Azərbaycan Milli Paralimpiya Komitəsinin (MPK) ofisində baş tutub. Görüşdə komitənin prezidenti İlqar Rəhimov, birinci vitse prezident Natiq Qasımov, vitse prezident və ikiqat paralimpiya çempionu İlham Zəkiyev, vitse prezident Yaşar Hacıyev, baş katib Kamal Məmmədov, Milli Olimpiya Komitəsinin şöbə müdiri Mehman Kərimov, o cümlədən komitənin əməkdaşları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan komitə prezidenti İlqar Rəhimov paralimpiyaçılara ayırdığı diqqətə görə Azər Əliyevə minnətdarlığını bildirib. O qeyd edib ki, hazırda pauerliftinq yığma komandası “Tokio 2020” XVI Yay Paralimpiya Oyunlarına hazırlaşır. Komandamızın bu oyunlara ən azı 4 lisenziya qazanacağı gözlənilir.

Daha sonra komitənin baş katibi Kamal Məmmədov çıxış edərək görülən işlər barədə məlumat verib. Onun sözlərinə görə, pauerliftinq komandamızın həm Avropa, həm də dünya çempionatlarında medalları var. Qarşıda duran hədəf növbəti Yay Paralimpiya Oyunlarında medal qazanmaqdır.

Baş katib K.Məmmədov ölkəmizdə uşaq paralimpiya hərəkatından da söz açıb. O qeyd edib ki, Rəsul Zəkiyev uşaq paralimpiya hərəkatından yığmamıza qatılan idmançılardandır.

Pauerliftinq yığma komandasının baş məşqçisi İlqar İbişov isə öz çıxışında qeyd edib ki, Prezident İlham Əliyevin paralimpiyaçılarımıza dəstək göstərməsi idmançılarımızı ruhlandırır: “Sizin də komandamızın üzvləri ilə görüşünüz, diqqətiniz idmançılarda ruh yüksəkliyi yaradır”.

MPK-nın vitse-prezidenti, ikiqat paralimpiya çempionu İlham Zəkiyev də idmançılarımızda ruh yüksəkliyi yaradan tədbiri yüksək qiymətləndirib.

Pauerliftinq idman növü üzrə paralimpiya milli komandasının kapitanı Elşən Hüseynov da idmançılara göstərilən diqqətə görə, Azər Əliyevə minnətdarlığını bildirib. O, “Tokio 2020” Yay Paralimpiya Oyunlarında medal qazanmaq üçün əzmlə çalışdıqlarını bildirib.

Milli Olimpiya Komitəsinin baş katibinin müavini, Azərbaycan Ağır Atletika Federasiyasının vitse prezidenti Azər Əliyev isə öz çıxışında pauerliftinqin ona yaxın sahə olduğunu qeyd edib: “Mən özüm də keçmiş idmançı olaraq bilirəm ki, pauerliftinq necə çətin bir idman sahəsidir. Bu sahədə olan idmançılar fiziki və mənəvi çətinliklərlə üzləşirlər. Bu səbəbdən də pauerliftinqçilərdə ruh yüksəkliyi önəmlidir. Mən inanıram ki, idmançılarımız bütün çətinliklərin öhdəsindən uğurla gəlirlər. Mən də sizə lazımi dəstəyi göstərəcəm”.

Azər Əliyev “Tokio 2020” XVI Yay Paralimpiya Oyunlarında komandamızın medal qazanacağına ümid etdiyini bildirib və idmançılarımıza qarşıdakı yarışlarda uğurlar arzu edib.

Sonda MPK-nın prezidenti İlqar Rəhimov qonağa xatirə hədiyyələri təqdim edib.