Futbol üzrə Azərbaycan Premyer Liqasında 2018/2019 mövsümünün qalibi müəyyənləşib.
Unikal.org xəbər verir ki, "Qarabağ" ümumilikdə 7-ci, ardıcıl isə 5-ci çempionluğunu qazanıb.
Ağdam təmsilçisi buna XXVII turda öz meydanında "Səbail"i 3:0 hesabı ilə məğlub etməklə nail olub.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matçda hesabı 21-ci dəqiqədə Miçel Madeyra açıb. Oyunun 42 və 69-cu dəqiqələrində Mahir Mədətov dubl edib.
Bu qələbədən sonra xallarının sayını 63-ə çatdıran "Qarabağ" çempionatın başa çatmasına 1 tur qalmış ən yaxın izləyicisi "Neftçi" üçün əlçatmaz olub. "Neftçi" isə səfərdə "Qəbələ"ni 3:1 hesabı ilə məğlub etməklə gümüş medallara sahib çıxıb.
İlk dəfə 1993-cü ildə qızıl medallara yiyələnən ağdamlılar 2013/2014, 2014/2015, 2015/2016, 2016/2017 və 2017/2018 mövsümlərinin ardından yenə rəqiblərini qabaqlayıb.Qurbanovun komandası həm də ardıcıl qızıl medal sayında öz rekordunu yeniləyib.
Qeyd edək ki, indiyədək 8 komanda qızıl medallara sahib olub və "Qarabağ" çempionluq sayında yalnız "Neftçi"dən geri qalır. Bakılılar 8, Ağdam klubu 7 dəfə yarışın qalibi olubsa, "Kəpəz"in 3, "Şəmkir", "Keşlə" ("İnter" adlandığı vaxt) və "Bakı"nın hərəyə 2, "Turan"la "Xəzər Lənkəran"ın hərəyə 1 çempionluğu var.(qol.az)